Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:39

«Vahid pəncərə»dən gömrük necə görünəcək?


Ekspertlərin fikrincə, gömrükdə «vahid pəncərə» sistemi nəzəri baxımdan uğurlu ola bilər
Ekspertlərin fikrincə, gömrükdə «vahid pəncərə» sistemi nəzəri baxımdan uğurlu ola bilər
«2009-cu il yanvarın 1-dən Azərbaycan dövlət sərhədinin buraxılış məntəqələrindən keçən malların və nəqliyyat vasitələrinin yoxlanmasında bir pəncərə sistemi tətbiq ediləcək. İqtisadiyyatın liberallaşdırılmasına yönələn belə tədbirlər beynəlxalq qurumların hesabatlarında Azərbaycanın reytinqini xeyli yüksəltmiş, həm də ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün önəmli rol oynayır»-, bu sözləri İqtisadi İnkişaf naziri Şahin Mustafayev noyabrın 13-də Milli Məclisdəki çıxışında bildirib. Nazirin sözlərinə görə, iqtisadiyyatın liberallaşdırılması üzrə aparılan kompleks tədbirlər Azərbaycan iqtisadiyyatının sağlamlaşdırılmasına müsbət təsir göstərib.

İqtisadçı Rövşən Ağayev də gömrük sistemində «vahid pəncərə» sisteminin tətbiqinə başlanacağını bütünlükdə müsbət hal olduğunu bildirir. İqtisadçı onu da deyir ki, indi gömrükdə xüsusən idxalda ciddi problemlər var:

«Süründürməçilik, bürokratiya bu gün Azərbaycanda xarici ticarətlə məşğul olmaq istəyənlərə ciddi əngəl yaradır. «Vahid pəncərə» sistemi nəzəri baxımdan uğurlu ola bilər. Əgər bu, sənədləşmənin bir pəncərəsi olacaqsa, uğurlu alınacaq, yox əgər bu rüşvətin və qeyri-rəsmi ödənişlərin bir pəncərədən qəbuluna çevriləcəksə, müsbət nəyisə dəyişmək mümkün deyil».

Rövşən Ağayevin fikrincə, ölkə iqtisadiyyatının bütün sahələrini bürüyən inhisarlaşma idxalın 80-90 faizinin çox kiçik qrupun əlində cəmləşməsinə səbəb olub. Belə davam edərsə, «vahid pəncərə» sistemindən xeyir görənlər də elə onlar olacaq. Rövşən Ağayev belə düşünür.

«Ayın 10-da gömrük bəyannaməsi verərək gömrük orqanlarına müraciət etmişəm ki, 2 vaqon yüküm Biləcəri stansiyasındadır. Buraxmırlar yükü. Prezident sərəncamına görə isə gömrük bəyənaməsi təqdim ediləndən 24 saat ərzində yük sərhədi keçməlidir».
Bu sözləri sahibkar Ədalət Abbasov deyir. Onun sözlərinə görə, hər dəfə ölkəyə mal gətirəndə eyni süründürməçiliklə üzləşir. Sahibkarın sözlərinə görə, rəsmi qurumlara müraciətlərinə heç vaxt cavab ala bilmir.

İqtisadçı Vüqar Bayramov isə düşünür ki, gömrükdə «vahid pəncərə» sisteminin tətbiqi bütünlüklə vergi sistemində bir pəncərə sisteminin tətbiq edilməsinin davamıdır. Ancaq gömrük sistemində «vahid pəncərə» sistemi ilə bağlı bir sıra narahatçılıqlar var. Çünki Vergilər Nazirliyindən fərqli olaraq Gömrük Komitəsi «vahid pəncərə» sisteminə hazır deyil. Vergilər Nazirliyi «vahid pəncərə» sisteminə keçidə elektron hökumətin qurulması ilə başlamışdısa Gömrük Komitəsində elektron hökumətin qurulması ilə bağlı heç bir addım atılmayıb:

«Bütövlükdə bu həm də onunla bağlıdır ki, gömrük sistemində qeyri-rəsmi ödənişlərin sayı olduqca çoxdur. Gürcüstanda yarım saata başa gələn sənədləşmə Azərbaycanda bir gündən artıq davam edir. Məncə, qısa müddətdə gömrükdə düzən yaratmaq mümkün olacaq».

İqtisadçının fikrincə, əgər gömrükdəki bütün qeyri-rəsmi ödənişlər ləğv edilməsə, iqtisadiyyatın liberallaşdırılması üçün geniş tədbirlər həyata keçirilməsə, bu sistemin tətbiqi o qədər də uğurlu olmayacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG