Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:27

Əl vurma təhlükəlidir!


Azərbaycanda indiyə qədər iki internet portalının oxunmasına məhdudiyyət qoyulub
Azərbaycanda indiyə qədər iki internet portalının oxunmasına məhdudiyyət qoyulub
Naxçıvan Muxtar Respublikasında (MR) ən çox oxunan saytlara «NAX İnternet» tərəfindən məhdudiyyətlər qoyulur. Yəni saytı açanda «error» yazılır və orada göstərilir ki, səhifəyə baxılması «NAX İnternet» provayderi tərəfindən məhdudlaşdırılıb. İstifadəçi oxşar situasiya ilə məsələn, «Azadlıq» qəzetinin internet səhifəsini açarkən qarşılaşır. Nəzərə alaq ki, MR-da cəmi bir provayder var.

Bu «Azadlıq» radiosunun Naxçıvan üzrə müxbiri Məlahət Nəsibovanın MR-da bəzi saytlara qadağa qoyulması haqqında dedikləri idi. Jurnalistin sözlərinə görə, bir neçə ay öncə «Bizim Yol» qəzetinin internet səhifəsində eyni problem müşahidə olunurdu.

Azərbaycanda indiyə qədər iki internet portalının oxunmasına məhdudiyyət qoyulub. Bu da «susmayaq.biz» və «tinsohbeti.com» portalları idi.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, ölkədə indən sonra da internet saytlarının oxunmasının məhdudlaşdırılması təhlükəsi yarana bilər. Onun sözlərinə görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərkibində bu il internetin inkişafına yardım etmək üçün Koordinasiya Şurası yaradılıb. Amma internetə dəstək adı altında fəaliyyət göstərən Koordinasiya Şurasının əsasnaməsi söz azadlığını məhdudlaşdırır və internetdə senzura yaradır.

«Əsasnamədə belə deyilir ki, mənəviyyata, qanuna, milli adət-ənənəyə zidd informasiyalar yerləşdirilə bilməz. Belə zidd informasiyaları onlar istənilən an tapa bilər və onunla bağlı ölçü götürə bilərlər. Demokratik ənənəsi zəif olan ölkələr üçün xüsusilə bu cür addımlar təbii ki, senzuraya gətirib çıxaracaq».

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri və koordinasiya şurasının üzvi Rüfət Gülməmmədov əsasnamədə olan bəndlərin internetdə məhdudiyyət yarada biləcəyi fikri ilə razılaşmadı və milli adət ənənə və milli dəyərlərin nəyi nəzərdə tutduğunu belə izah etdi:

«Milli-mənəvi dəyərimiz bizim xalçalarımızdır. «Vikipedia»da çıxıb bizim xalçamızı Ermənistana ya İrana aid edəndə, biz oturub müzakirə edə bilmərik ki, bunun qarşısını necə alaq? O bəndi ora yazmaqla biz internetə müdaxilə etmirik. Sadəcə Azərbaycanın xeyrini istəyirik».

Koordinasiya Şurasında baxılan məsələlər haqqında qərar qəbul edilənədək məsələnin mahiyyətinə dair ictimaiyyət qarşısında fikir söyləmək olmaz bəndini isə Rüfət Gülməmmədov belə izah elədi ki, qərar qəbul olunana qədər ictimaiyyətin fikrini çaşdırmamaq üçün bu bənd orda yer alıb.

Koordinasiya Şurasının əsasnaməsinə görə qurumun fəaliyyətinin başlıca məqsədi Azərbaycanda internetin inkişafına xidmət etməkdir. Belə ki, bu qurum İnternetdə informasiya təhlükəsizliyi və kiber cinayətkarlıqla mübarizəyə dair elmi-metodik materiallar işlənilməsini, istifadəçilər arasında maarifləndirmə və zəruri olan digər fəaliyyəti həyata keçirir.

Bu ilin yayında Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov demişdi ki, Azərbaycanda elektron təhlükəsizliyi həyata keçirən dövlət strukturunun yaradılması planlaşdırılır. Nazirin sözlərinə görə, bu qurum elektron şəbəkədə kiber cinayətlərin qarşısını almaq, eləcə də Azərbaycanın internet məkanına nəzarət etmək imkanlarına malik olacaq.

İnternet saytlarına giriş məhdudiyyəti qonşu İranda da mövcuddur. Lakin İrandakı azərbaycanlılar bunun az da olsa həlli yolunu tapıblar. İranda Azərbaycanlı fəal Həsən Ərk deyir ki, onlar məhdudlaşdırılmış saytlara öz dedikləri kimi «filter» qıranla daxil ola bilirlər.
XS
SM
MD
LG