Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:00

«Ölkədə elan olunmamış monarxiya qurulur»


İlham Əliyevin andiçmə mərasimi, 24 oktyabr 2008
İlham Əliyevin andiçmə mərasimi, 24 oktyabr 2008
«Yeni Müsavat» qəzeti:

Hakim Yeni Azərbaycan Partiyası ölkə Konstitusiyasına dəyişikliklərin edilməsini nəzərdə tutan referendumun keçirilməsi təşəbbüsünü qaldıracaq.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov «Trend» agentliyinə açıqlamasında konkret müddət göstərməsə də, partiyanın bu barədə lazımi instansiyalara müraciət edəcəyini söyləyib.

S.Novruzovun fikrincə, konstitusiyanın bir şəxsin iki dəfədən artıq prezident seçilməsini qadağan edən maddəsi demokratik prinsiplərə uyğun deyil və demokratiyanı məhdudlaşdırır. O, təklif edib ki, bu maddənin konstitusiyadan çıxarılması üçün referendum keçirilməlidir:

«Konstitusiya bir şəxsə neçə dəfə istəsə, deputat seçilməyə icazə verir. Lakin prezident seçilməyə limit tətbiq olunur. Bu necə olur? Hesab edirik ki, konstitusiyada belə bir məhdudiyyət tətbiq etmək olmaz. Ona görə də konstitusiya dəyişilməlidir. Biz belə bir təşəbbüslə çıxış edəcəyik».

Maraqlıdır ki, YAP-ın Siyasi Şura üzvü, deputat Eldar İbrahimov da analoji fikirlər səsləndirib. O deyib ki, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılmasına ehtiyac var...

Düzdür, buna kimi ayrı-ayrı iqtidaryönlü şəxslər - məsələn, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da belə təkliflər səsləndirib. Ancaq iqtidarın «mətbəxi»ndə olan hakim partiya təmsilçilərinin dedikləri hansısa hazırlıqlardan xəbər verə bilər…

Müsavat başqanı İsa Qəmbər məsələyə münasibət bildirərkən, öncə tarixə nəzər salmağı vacib sayıb:

«...Mənim tarixdə ən çox diqqətimi cəlb edən epizodlardan biri II Dünya müharibəsindən sonra İngiltərənin baş naziri Çörçilin seçkilərdə uduzması olub. Yəni faşizm üzərində qələbənin əsas memarlarından biri olan, İngiltərəni faktiki olaraq faşist işğalından xilas edən bir şəxs qalibiyyətli müharibədən sonra seçkiləri uduzub... İndi müqayisə edin: İngiltərədə qalibiyyətli Çörçil seçkini uduzur, Azərbaycanda isə Qarabağın işğaldan azad edilməsində sıfır nəticə göstərmiş Əliyev rejiminin ömrünü süni üsullarla artırmağa çalışırlar».

Müsavat başqanının fikrincə, avtoritar ölkələrdə bu tipli təkliflər avtoritarizmin daha da güclənməsinə yönəlir:

«Əgər rejimin mətbəxindəki adamlar bu cür ideyalar irəli sürürlərsə, utanmasınlar. Açıq desinlər ki, Azərbaycanda monarxiya yaratmaq lazımdır və hakimiyyət də Əliyevlərə mənsub olmalıdır. Mərkəzi Asiya ölkələrinin bəzilərində bunu açıq deyiblər və bu istiqamətdə addımlar atıblar. Ancaq bunu edərkən də unutmasınlar ki, bu cür cəhdlərin heç bir perspektivi yoxdur...».


«Azadlıq» qəzeti:

Yeni iqtisadi inkişaf naziri Şahin Mustafayev maraqlı açıqlama ilə çıxış edib. O bildirib ki, rəhbərlik etdiyi nazirlikdə daxili nəzarət qurumunun yaradılmasına ehtiyac var. Ş.Mustafayev deyib ki, strukturlara nəzarət edilməsi üçün belə bir qurumun yaradılması zəruridir...

Bəzi ekspertlərin fikrincə, Ş.Mustafayev əslində bununla sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin komandasını nəzarətə götürmək istəyir. Söhbət ondan gedir ki, artıq H.Babayevə yaxın adamlar vəzifələrindən çıxarılıb. Amma bunlar idarə rəisləridir. H.Babayevin nazirlikdəki bütün adamlarını kütləvi şəkildə işdən çıxarmaq isə sadəcə, mümkün deyil. Bu baxımdan Ş.Mustafayev köhnə komandanı nəzarətində saxlamaq üçün belə bir qurum yaratmaq istəyir.

Ekspert İlham İsmayıl isə Ş.Mustafayevin bu təşəbbüsünü anormallıq sayır:

«Şahin Mustafayev özü nazirlikdə bütün strukturlara nəzarət etməli olan şəxsdir. Əlavə olaraq belə qurumun yaradılması əlbəttə ki, anormallıqdır. Amma görünür, o, nazirlikdə bütün strukturları nəzarətində saxlaya bilməyəcəyini görüb əlavə nəzarət mexanizmləri tətbiq etmək istəyir. Ola bilər ki, nazirlikdə qanunsuz fəaliyyətlə məşğul olanlar çoxdur. Bunların hamısını isə nəzarətdə saxlamaq əlbəttə ki, bir qədər çətindir. Ş.Mustafayev isə daxili nəzarət qurumu yaratmaqla öz işini asanlaşdırmaq istəyir. Amma hər bir halda bu, anormallıqdır».


«Yeni Azərbaycan» qəzeti:

Beynəlxalq məkana fəal inteqrasiya edən Azərbaycan iqtisadiyyatında planetar miqyaslı kollaps şəraitində vəziyyət necədir? Bu və bəzi başqa suallara tanınmış iqtisadçı alım, uzun illər maliyyə-kredit siyasəti məsələləri ilə məşğul olan Oqtay Haqverdiyev cavab verib:

«Beynəlxalq maliyyə sisteminin sarsıdıcı şəkildə dağılması qloballaşmaqda olan dünya iqtisadiyyatının yeni ciddi xəbərdarlığıdır... Xoşbəxtlikdən, böhran Azərbaycandan bir növ yan keçib. Bunun da öz səbəbləri var. Bizim respublika dünya fond birjalarında, əslində, iştirak etmir. Ölkəmizin iqtisadiyyatının əsasını neft sənayesi, daha doğrusu, ARDNŞ təşkil edir, o isə dövlət mülkiyyətidir. ARDNŞ səhmləşdirilməyib, buna görə də birja hərraclarında iştirak etmir. Lakin ölkəmiz beynəlxalq maliyyə sisteminin kifayət qədər fəal iştirakçısıdır. Biz məhsul satır, ondan əldə edilən valyuta ehtiyatlarını beynəlxalq banklarda yerləşdiririk. Son illərdə dünyanın aparıcı şirkətlərinin səhmlərini almağa başlamışıq, hərçənd buna o qədər də çox vəsait xərcləməmişik (çox olsaydı, respublika müəyyən itkilərə məruz qala bilərdi).

Azərbaycan hökuməti və Milli Bank böhranın zərbələrini yumşaltmaq üçün müvafiq tədbirlər görür. Məsələn, Milli Bank faiz dərəcələrini iki dəfə azaldıb. Bu ondan ötrüdür ki, kommersiya bankları riskə getməyə qorxmasınlar və bizim müəssisələrin normal fəaliyyət göstərmələri üçün onlara kredit versinlər. Respublikanın iqtisadiyyatı dinamik inkişaf edir. Bizdə ÜDM-in artımı 15 faiz olub. Qızıl-valyuta ehtiyatlarının həcmi 17 milyard dollardan çoxdur. Bu və digər amillər əmin olmağa əsas verir ki, indiki böhranın Azərbaycana ziyanı olmayacaq…».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG