Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

«Nabucco» razılaşması gələn ilin əvvəlində imzalana bilər»


Andris Piebalqs
Andris Piebalqs
«Avropa Birliyi Azərbaycandan birbaşa qaz almaqda çox maraqlıdır. Və bu gün Azərbaycan prezidenti İlham Əliyev onu maraqlandıran sualın cavabını aldı».

Avropa Birliyinin (AB) enerji məsələləri üzrə komissarı Andris Piebalqs «Azadlıq» radiosuna eksklüziv müsahibəsində belə deyib. Cənab Piebalqs ümid etdiyini bildirib ki, «Nabucco» qaz boru kəməri layihəsi ilə bağlı hökumətlərarası razılaşma artıq gələn ilin əvvəlində imzalana bilər.

- Prezident və nazirlərlə görüşünüz olub. Hökumət rəsmiləri dəfələrlə bildiriblər ki, Avropanın «Nabucco» ilə bağlı təklifini gözləyirlər. Bugünkü görüşdə konkret təkliflər olubmu?

- Əlbəttə olub. Çünki biz olduqca uzun müddətdir işləyirik. Başa düşürəm ki, bu proses çox mürəkkəbdir. Dünən mən Türkiyədə yüksək səviyyədə görüşlər keçirmişəm. Hazırda Avropa Birliyi ilə Azərbaycan arasında ümumi sərhəd yoxdur. Yəni ilk növbədə tranzit məsələsini həll etmək lazımdır ki, qazı Avropa Birliyinə nəql etmək mümkün olsun. Düşünürəm ki, dünən kifayət qədər uğurlu görüşlər olub və bu gün təsdiq etdim ki, Avropa Birliyinin Azərbaycandan birbaşa qaz almaqda böyük marağı var. Biz bunun üçün lazım olan bəzi şərtləri müzakirə etdik. Düşünürəm ki, Azərbaycan prezidenti «Avropa Birliyi konkret Azərbaycandan qaz almaqda maraqlıdırmı» sualına aydın cavab aldı. Və cavab əlbəttə ki, «hə»dir. Biz tədarükü reallaşdırmaq üzərində çalışırıq.

- Rusiyanı «Nabucco» layihəsi üçün təhlükə hesab edirsinizmi? Çünki Rusiya, eləcə də İran bildiriblər ki, Azərbaycandan mümkün qədər çox qaz almaq istəyirlər.

- Mən deyərdim ki, biz rəqiblərik. Çünki Rusiya da qazda maraqlıdır və biz beləliklə rəqabət aparırıq. Bu gün qazın həcmi məhduddur. Düşünürəm ki, bizim təkliflərdə bəzi zəifliklər var, amma müəyyən pozitiv addımlar da var. Çünki Avropa Birliyində bazar iqtisadiyyatı mövcuddur və biz ən yaxşı qiymətlər ödəyirik. Bundan başqa, bazar iqtisadiyyatının hökm sürdüyü Avropa Birliyində energetika siyasətlə bağlı deyil. Yəni əgər müqavilə varsa, biz bazarda olan ən yaxşı qiyməti ödəyirik. Bizim Rusiyadan uzunmüddətli müqavilələr üzrə daimi və yaxşı qaz tədarükümüz var. Ancaq bizim üçün qaz tədarükünü diversifikasiya etmək çox maraqlıdır, çünki bu, bazar üçün daha çox imkanlar yaradır. Digər tərəfdən də, birdən çox tədarükün olması həmişə təhlükəsizlik üçün yaxşıdır. Odur ki, İranla da, Rusiyayla da rəqabət aparırıq. Amma bizim təklifimizin müəyyən güclü tərəfləri var - Avropa Birliyi bazarı 500 milyon insan deməkdir. Bundan başqa, bu bazar daha yaxşı qiymətlər ödəyə bilən bazardır.

- Hansı qiymətdən söhbət gedir?

- Bu gün biz müqavilədən asılı olaraq qazın hər 1000 kubmetrinə 450 dollar ödəyirik. Biz neftin qiymətinə bağlı olan qiymətin əleyhinəyik, o, həmişə bir az indeksləşir. Bu gün bizim üçün yaxşı xəbərdir ki, neftin barelinin qiyməti aşağı düşür, yəni müəyyən müddətdən sonra bu, qazın qiymətində öz əksini tapacaq. Amma hər halda, dünyada ən yüksək qiyməti biz ödəyirik.

- Ermənistanını «Nabucco» layihəsinə qoşulması ilə bağlı fikirlər də səslənir. Azərbaycan hökuməti bildirib ki, belə olan təqdirdə «Nabucco» reallaşmayacaq. Buna nə deyərdiniz?

- «Nabucco»ya hansı ölkələrin və şirkətlərin daxil olduğu tam aydındır. Ermənistanın bu layihədə iştirakı yoxdur və biz heç vaxt bu məsələni nəzərdən keçirməmişik. Açıq deyək ki, Ermənistan da bu layihəyə heç vaxt maraq göstərməyib. Amma biz mümkün qədər tez qərar verməliyik. Düşünürəm ki, «Nabucco»ya dair hökumətlərarası razılaşma artıq gələn ilin əvvəlində imzalana bilər. Yəni layihəni müvəffəqiyyətlə baş çatdırmaq mərhələsindəyik.

- Azərbaycan Rusiya və Qərb arasında balanslı siyasət aparır. Belə bir şəraitdə Azərbaycanla işləmək çətin deyil ki?

- Yox, Azərbaycanla işləmək çox asandır. Dünya energetika bazarında kifayət qədər mürəkkəb vəziyyət var. Əlbəttə, Azərbaycanla işləmək olduqca xoş və asandır. Çünki Azərbaycan bazar mövqeyindən çıxış edir - yəni daha yaxşı mənfəət, daha az siyasət. Beləliklə, bizim Azərbaycanla problemimiz daha azdır. Problem olsa da, daha qlobal xarakterlidir - tədarükün təhlükəsizliyi, qiymət, yeni yataqların işlənməsi – bu, daha çətin məsələdir. Biz Azərbaycan qazını almaqda daim maraqlıyıq və böyük həcmdə qaz almaq iqtidarındayıq. Qazı kommersiya şirkətləri alacaqlar, yəni burada siyasət yoxdur. Mənim və komissiyanın işi ondan ibarətdir ki, belə əməkdaşlıq üçün imkanlar yaratsın. Azərbaycan daimi bu mövqeyi dəstəkləyib. Çoxlu alıcının, amma az qazın olması başqa məsələdir. Əlbəttə, bu, bütün vəziyyəti mürəkkəbləşdirir, amma bu, reallıqdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG