Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

«Bəyannamənin arxasında hansısa şifahi razılaşma var»


«Moskva bəyannaməsi münaqişənin mərhələli həlli üçün yeni imkanlar açır»
«Moskva bəyannaməsi münaqişənin mərhələli həlli üçün yeni imkanlar açır»
Azərbaycan prezidenti İlham Əliyev andiçmə mərasimindəki nitqində Qarabağ probleminə də yer ayırdı, bir daha söylədi ki, «Qarabağ heç vaxt müstəqil olmayacaq». Amma əvvəlki çıxışlarından fərqli olaraq torpaqların müharibə yoluyla qaytarılması tezisini vurğulamadı.
Prezident seçilməsindən az sonra isə dövlət başçısı Rusiya rəhbərliyinin təşəbbüsü ilə bu ölkənin paytaxtında ermənistanlı həmkarıyla birgə Moskva bəyannaməsi adlı bir sənəd imzaladı. ATƏT-in Minsk Qrupu həmsədrləri isə Vyanada keçirdikləri sonuncu görüşlərində bu bəyannamədən razı olduqlarını bəyan ediblər. Qrupun amerikalı həmsədri Metyu Brayza jurnalistlərə açıqlamasında bildirib ki, onlar münaqişənin həllində yeni imkanlar yarandığı barədə tərəflərdən ciddi mesajlar alıblar. Cənab Brayza deyib ki, hər iki dövlətin hansısa sənədə imza atması onların münaqişəni sülh yoluyla həll etmək öhdəliyi sayıla bilər. Amerikalı həmsədr vurğulayıb ki, bu razılaşma «Madrid prinsipləri» ətrafında danışıqların davam etməsinə daha geniş imkanlar yaradıb. Azərbaycan prezidenti İlham Əliyev də sonuncu Türkiyə səfərində deyib ki, Moskva bəyannaməsi münaqişənin mərhələli həlli üçün yeni imkanlar açır.
«Madrid prinsipləri» əsasında danışıqlar uzun müddətdir aparılır. Amma Ermənistan tərəfi indiyə kimi bu layihədə bəzi detallara qarşı çıxıb. Hərçənd tərəflər ATƏT-in Minsk Qrupu həmsədrlərinə sözügedən prinsiplər kontekstində danışıqların aparılmasına razılıq vermişdilər. Bunu bir neçə ay öncə qrupun fransalı həmsədri Bernar Fasye Bakıda bəyan etmişdi. Bəs Moskva bəyannaməsi həmsədrləri niyə nikbin açıqlamalara vadar edib? Bu razılaşmanın arxasında nələr dayanır?
Bəzi yerli ekspertlər hesab edirlər ki, Azərbaycan və Ermənistan prezidentləri Moskvada bir-birilərinə hansısa vəd veriblər. Politoloq Ərəstun Oruclu deyir ki, «Madrid prinsipləri»ndə münaqişənin mərhələli həlli və qarşılıqlı kompromisdən də söz açılır. O, ehtimal edir ki, məhz bu tezislər bəyannamənin arxasında əslində başqa sövdələşmənin gizləndiyinə işarə verir:
«Ola bilsin ki, hansısa şifahi anlaşma var, hələ sənəd formasında ortaya çıxmayıb, ya da artıq sənəd kimi var, amma hələ ictimaiyyətə açıqlanmayacaq. Bir müddətdən sonra hadisələrin gedişindən biləcəyik ki, tərəflər sülh danışıqlarına nə qədər yaxındır».
Bu sənədin özlüyündə ciddi bir öhdəliyi əhatə etməməsiylə bağlı fikirləri bölüşən siyasi şərhçilər isə başqa rəydədirlər. Onların fikrincə, belə bir razılaşma Rusiyaya Gürcüstan hadisələrindən sonra münaqişələrin sülh yoluya həlli tərəfdarı kimi görünməsi üçün lazımdır. Bir sözlə, Rusiya əslində özünü təbliğ edir.
Politoloq Rasim Musabəyov isə deyir ki, bu sənədin bir nəticəsi olmazsa, Rusiya öz nüfuzunu itirmək təhlükəsiylə üzləşə bilər. Amma politoloq həmsədrlərin nikbin davranışında hansısa sirli məqamlar axtarmağın tərəfdarı deyil. Onun fikrincə, həmsədrlər zəhmətlərinin hədər getməməsinə sevinirlər:
«Həm «Madrid prinsipləri» ləğv edilmir, həm də tərəflər sülh danışıqlarını davam etdirirlər. Həmsədrlər də bunu bəyənirlər».
Amma Rasim Musabəyov ona da inanmır ki, Moskva bəyannaməsi Qarabağ münaqişəsinin həlliylə bağlı prosesləri inkişaf etdirə bilmək gücündə olacaq.
Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim isə deyir ki, Azərbaycan gizli sövdələşmə aparmır və hökumətin münaqişənin həlliylə bağlı mövqeyi hər zaman ictimaiyyətə açıqlanır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG