Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 15:16

Bayraq qalmaqalı böyüyür


«Kompensasiya yoxdur, hər hansı dövlət proqramı həyata keçirilərsə, həmin qarajların sökülməsi labüddür»
«Kompensasiya yoxdur, hər hansı dövlət proqramı həyata keçirilərsə, həmin qarajların sökülməsi labüddür»
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) sözünün üstündə durdu. Noyabrın 6-da Bayılda yerləşən sənədli-sübutlu 128 qarajın söküntüsünə start verildi.

Qarajı sökülən Qoşqar müəllim:

«Sənədlər hamısı əlimizdə baxa-baxa qalmışıq. Böyük xərc çəkib, qaraj düzəltmişdik…»

Qoşqar müəllimin qarajı Bayılda – ölkədə ən hündür bayraq dirəyinin ucaldılacağı yerin yaxınlığında sökülür. Bu, həmin bayraq dirəyidir ki, hökumətə təxminən 4 milyon dollara başa gələcək.

Ancaq qarajların hansı məqsədlə sökülməsi ilə bağlı fərqli fikirlər də var. Səbail Rayon İcra Hakimiyyəti ərazinin hərbi dəniz donanmasına veriləcəyini desə də, qaraj sahibləri, o cümlədən ərazidə yaşayan 6-7 həyət evinin sahibi başqa fikirdədir:

- Guya, bayraq üçün burada bağ salacaqlar.

- Türklər ölən əsgəri bayrağa büküb basdırırlar. Bundan şərəfli iş yoxdur. Görün, bizdə necə şərait yaradıblar ki, bayraq olan yerdə insanları evdən çıxarırlar. Bu, ədalətdirmi? Azərbaycandan olan məmurların insanlara olan məhəbbətidirmi?

Ancaq Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Novruzov «Azadlıq» radiosuna deyir ki, ərazidə hərbi hissə yerləşdiriləcək və bundan ötrü qaraj sahiblərinə heç bir kompensasiya ödənilməyəcək:

- Kompensasiya yoxdur, hər hansı dövlət proqramı həyata keçirilərsə, həmin qarajların sökülməsi labüddür.

Bayraq dirəyinin yaxınlığında yaşayan həyət evlərinin sahibləri isə danışırlar ki, qarajlardan fərqli olaraq, onlara evlərinin qarşılığında şəhərin başqa yerində mənzil təklif ediblər. Ancaq mənzillər yaşamaq üçün tamamilə əlverişsizdir.

Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi isə bildirir ki, əgər göstərilən evlər Bayıl sakinlərini qane etməyibsə, onda onlara ayrı mənzillər axtarılacaq, ya da kompensasiya ödəniləcək.

Azərbaycan qanunvericiliyi dövlət və ictimai ehtiyaclar naminə vətəndaşların mülkiyyətinə müdaxiləyə yol verir. Ancaq Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyir ki, BŞİH-in sərəncamı insanların mülkiyyət hüququnu pozub və bunun üçün də hökumət vətəndaşlara kompensasiya ödəməlidir.

Qaraj və evlərin dağıntılarının yaxınlığında isə artıq bir neçə həftədən sonra dünyada ən hündür bayraq dirəyi ucalacaq.
XS
SM
MD
LG