Uzun müddət davam edən əlverişli hava şəraitindən sonra noyabrın 5-dən Azərbaycan ərazisində hava şəraiti pisləşəcək. Şiddətli yağıntılar düşəcəyi, dağ rayonlarında sulu qar yağacağı, güclü külək əsəcəyi və hava temperaturunun 5-7 dərəcə aşağı düşəcəyi gözlənilir. Bəzi dağ çaylarında sel və daşqınlar gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeoroloji Proqnozlar Bürosunun rəisi Gülşad Məmmədova «Turan»a deyib ki, qeyri-sabit hava şəraitinin ən kəskin vaxtı 7-9 noyabr tarixlərinə təsadüf edəcək. Bu müddət ərzində Bakıda və Abşeron yarımadasında günorta saatlarında havanın temperaturu +11- +13 dərəcə təşkil edəcək. Noyabrın 7-də axşam paytaxtda şimal küləyi güclənəcək və yağış yağacaq, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olacaq. Küləyin gücü 15-20 m/san təşkil edəcək, bəzi hallarda 20-25 m/san-yə çatacaq. Xəzər dənizində - Neft Daşlarında dəniz dalğasının hündürlüyü 5-6 metrə çatacaq.
Noyabrın 8-i günorta saatlarına külək bir qədər zəifləyəcək. Yağıntıların da zəifləyəcəyi gözlənilir. Hava şəraitinin yalnız noyabrın 9-da günorta tamamilə normaya düşəcəyi gözlənilir.