«Bizim Yol»a müsahibəsində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Gültəkin Hacıbəyli deyib: «Əminəm ki, növbəti seçkilərdə parlament daha da saflaşacaq, təkmilləşəcək, ən layiqli insanlar millət vəkili seçiləcək. Heç şübhəsiz ki, hakimiyyəti də kənara çəkmirəm. Məmurlarımız arasında elələri var ki, səlahiyyətlərindən sui-istifadə edirlər… Düşünürəm ki, Azərbaycan hakimiyyətində də dəyişikliklər olacaq. Elə məmurlar var ki, onların dəyişilməsini çox böyük həvəslə gözləyirəm».
Deputat Ukrayna və Gürcüstandakı rəhbər şəxslərin daha çox gənclər olduğu, Azərbaycanda isə məmurların əksər halda yaşlarının 70-i keçməsi məsələsinə münasibət bildirib: «Gənclərin vəzifəyə təyin olunmasını təqdir edirəm. Amma Saakaşvilinin avqust hadisələrindəki qeyri-soyuqqanlığı, tələskənliyi nəticə etibarı ilə ölkənin parçalanmasına gətirdi və dövlət müstəqilliklərini çox böyük şübhə altına aldı. İkincisi, Ukraynanın baş naziri Timoşenko da çox gənc və gözəl xanımdır. Amma bu gənc və gözəl xanımın ölkəsini hansı fəlakətlərə sürükləməsini hamımız şahidiyik… Timoşenko kimi gənc və gözəl baş nazir arzulamaqdansa, Artur Rəsizadəni istərəm. Düzdür, yaşının artıq müdriklik çağında və bəlkə də səhhətində müəyyən problemlərin olmasına baxmayaraq Rəsizadəni daha məqbul sayıram. Ən azı Timoşenko qədər korrupsiyalaşmamış və təmiz insan hesab edirəm».
«Azərbaycan»: «Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər davam etdirilir». Məhkəmə-Hüquq Şurasının iclasında belə deyilib. Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, yeni regional apellyasiya məhkəmələrinin fəaliyyətə başlaması, hakim ştatlarının 50 faiz artırılması, 160-dək yüksək hazırlıqlı hakimliyə namizədin Avropada ən mütərəqqi qaydalarla seçilib hakim təyin edilməsi məhkəmələrə inamı yüksəldib».
«Yeni Azərbaycan» yazır ki, prezident İlham Əliyev qarşıdakı beş ildə Azərbaycanın yeni iqtisadi mənzərəsinin əsasını təşkil edən islahatların dərinləşməsinə zəmin yaradıb. Prezidentin iqtisadi islahatlarına həsr olunan məqalə «Davamlı sabitliyin və sıçrayışlı inkişafın ikinci mərhələsi» adlanır. Müəllif yazır: «Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin ötən beş ildə dövlət siyasətinin əsas prioritetlərindən olduğunu və bu siyasətin qarşıdakı beş ildə davamlı xarakter daşıyacağını əmin edib».
«Ekspress»: «2009-cu ilin büdcəsində əvvəlki illərlə müqayisədə regional inkişafa ayrılan vəsait haradasa 40 faizi aşır. Bu da hesab edirəm ki, çox mühüm xarakter daşıyan məsələlərdir»-, parlamentin iqtisadi siyasət komissiyasının üzvü Əli Məsimli müsahibəsində belə deyib. İqtisadçı dünya bazarında neftin qiymətinin aşağı düşməsi məsələsinə də toxunub: «İndi danışıqlar aparılır ki, neftin ədalətli qiyməti formalaşsın. Ədalətli qiymət də aşağısı 70, yuxarısı 90 dollar civarında götürülür. Belə bir qiymət civarında hərəkət olsa, o zaman risk faizi aşağı olar. Əgər müəyyən bir problem yaransa, Neft Fondunun vəsaiti hesabına Azərbaycan təhlükəsizlik yastığı yarada bilər».
«Üç nöqtə»yə müsahibəsində isə digər iqtisadçı deputat Vahid Əhmədov deyib ki, ölkədə investisiya xərclərinə nəzarət artırılmalıdır. Onun fikrincə, korrupsiya, rüşvətxorluq hallarına yol verilməməsi üçün vahid nəzarət forması hazırlamaq lazımdır.