Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Obama: «Amerika, dəyişikliyin vaxtı çatıb»


Müxtəlif sorğular Obamanın Makkeyni təxminən 8 faiz qabaqladığını göstərir
Müxtəlif sorğular Obamanın Makkeyni təxminən 8 faiz qabaqladığını göstərir
Seçkiləri «dəyişiklik» şüarı ilə aparan Barak Obama düz kameraya deyir:
«Amerika, dəyişikliyin vaxtı çatıb. Altı gündən sonra biz o iqtisadiyyatı seçməliyik ki, zəhməti qiymətləndirir, varlanmağa aparır».
Obama deyir ki, o, əla prezident olmaya bilər:
«Ancaq ona söz verirəm ki, həmişə sizə deyəcəyəm: nə düşünürəm və mövqeyim nədir».
B.Obamanın oktyabrın 28-i axşam televiziyalarda göstərilmiş 30 dəqiqəlik reklam çarxı bütün seçicilərə yox, ona səs verməyə meyilli olan seçicilərə yönəlmişdi. O, öz seçicilərini əmin etmək istəyir ki, onların problemlərini həll edəcək. Dörd milyon dollara başa gəlmiş reklam çarxında müxtəlif peşələrdən olan sadə amerikalılar öz çətinliklərindən danışırlar. Obama isə belə insanlara necə kömək edəcəyindən bəhs edir.
Demokrat namizəd iş yerləri yaradılmasından, xəstələnəndə hökumət yardımından, maaşla dolananlara vergiləri azaltmaqdan detallı söz açır.
Bütün bunları reklam adlandıran respublikaçı namizəd Con Makkeyn isə Obamaya başqa tərəfdən hücuma keçir. Özü keçmiş hərbi təyyarəçi olan Makkeyn deyir ki, Obama hara, Amerikanın Silahlı Qüvvələrinə başçılıq hara?
Televiziyalarda Obamanın reklam roliki gedən vaxt Makkeyn Floridada öz mitinqində Ağ Evin keçmiş təhlükəsizlik müşavirləri ilə yanaşı dayanmışdı. O, bununla demək istəyir ki, ölkənin təhlükəsizliyi onun üçün birinci yerdədir.
Obamanın vitse-prezidentliyə namizədi Cozef Baydn bu yaxınlarda demişdi ki, Obama prezident olsa, ilk altı ayda beynəlxalq böhran onu sınağa çəkəcək. «Sınağa çəkəcək» ifadəsinə toxunan Makkeyn deyir:
«Mən sınağa çəkilmişəm, mənim dostlarım, mən sınaqdan çıxmışam. Senator Obama isə bərkə-boşa düşməyib».
Müxtəlif sorğular Obamanın Makkeyni təxminən 8 faiz qabaqladığını göstərir. Sorğulara görə, demokrat namizəd 50 faizdən bir az çox səs yığmalıdır, Makkeynə isə səslərin 43 faizi verilə bilər. Ancaq noyabrın 4-dəki seçkilərin nəticəsindən Makkeyn qətiyyən narahat görünmür.
O deyir ki, siyasi şərhçilər bizi siyahıdan silirlər, ancaq onlar yanılırlar.
Obama da Makkeynin hücumlarını cavabsız qoymur:
«Əgər senator Makkeyn seçilsə, Amerika tarixində ilk dəfə olaraq sizə verilən səhiyyə yardımları vergiyə cəlb oluna bilər. Ən azı 20 milyon amerikalı işlədiyi şirkətin ödədiyi səhiyyə sığortasını itirə bilər».
Obama deyir ki, Makkeyn hökumət proqramı olan sosial müdafiəni zəiflədəcək və bu sahəni özəlləşdirəcək.
Makkeyn digər respublikaçılar kimi hər bir amerikalıya pensiya hesabının açılmasına, arzulayanın yığılan pulları qiymətli kağızlar bazarına qoya bilməsinə tərəfdardır. Obama isə deyir ki, səhmlərin düşməsi bunun nə qədər səhv olduğunu göstərir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG