Amerikada prezidentliyə namizədlər bir-birinin iqtisadi planlarını tənqid ediblər. Ohaya ştatındakı çıxışında demokrat namizəd Barak Obama deyib ki, respublikaçı Con Makkeynin də prezidentliyi sələfi Corc Buşun hakimiyyətinə oxşayacaq:
«21 ay və üç debat ərzində senator Makkeyn hələ də Amerika xalqına bir əsas şeyi deyə bilməyib – prezident olarsa, onu Buşdan nə fərqləndirəcək. (alqış) heç nə! Senator Makkeyn deyir ki, biz növbəti dörd ildə oturub dəyişmək üçün bəxtimizi gözləyə bilmərik. Amma siz bilirsiniz ki, ən böyük risk bu ola bilər ki, köhnə Buş–Makkeyn siyasəti qucaqlaşmasını dəstəkləyək. Bu siyasət isə son səkkiz ildə bizi zəiflədib».
Respublikaçı namizəd Con Makkeyn Deyton şəhərində çıxış edib, Obamanı vergi siyasətinə görə tənqid edib, deyib ki, həm Konqresi, həm də Ağ Evi demokratlara tapşırmaq təhlükəli olardı:
«Mənim rəqibimin vergiləri qaldırmaq siyasəti iqtisadi böhrana yanlış yanaşmadır. İqtisadiyyatın zəifləməsinə cavab vergiləri qaldırmaq deyil. Amma bu onu dəqiq göstərir ki, demokratlar Vaşinqtona tam nəzarət edəndə nə baş verəcək».
Axırıncı rəy sorğularına görə, Obama Makkeyni 7 faiz qabaqlayır. Amerikada prezident seçkiləri noyabrın 4-də keçiriləcək.