Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:38

Azərbaycanda iş başında «müvəqqəti hökumət»dir


Təhlükəsizlik Şurasının iclası, 25 dekabr 2007
Təhlükəsizlik Şurasının iclası, 25 dekabr 2007
Oktyabrın 24-də İlham Əliyev ikinci müddətə prezident kimi işə başlaması üçün and içib. Bununla da Nazirlər Kabineti tam tərkibi ilə istefaya gedib...

Prezident and içdiyi müddətdən sonra bir ay ərzində yeni hökuməti formalaşdırmalıdır. Habelə, prezident iki həftədən gec olmamaq şərti ilə Baş nazir postuna namizədini irəli sürərək parlamentə təqdim etməlidir.

«Yeni Müsavat» qəzeti:

...Millət vəkili Pənah Hüseyn deyir ki, hökumətdə dəyişikliyin olub-olmaması Baş nazirlə bağlı veriləcək qərardan asılıdır:

«Yalnız ondan sonra islahatların olub-olmayacağı bilinəcək. Ölkə başçısının Baş nazir postuna başqa bir şəxsi təyin edəcəyindən, yaxud Artur Rəsizadəni vəzifəsində saxlayacağından çox şey asılıdır. Ona görə də gözləməyimiz məsləhətdir. Bir neçə günə aydın olacaq məsələ ilə bağlı proqnoz vermək falçılıq kimi şeydir»...

Politoloq Zəfər Quliyev isə bildirir ki, bundan sonra hansısa kosmetik dəyişikliklər ola bilər: «Amma ciddi dəyişikliklər gözləmirəm… Ola bilər ki, Baş nazir dəyişdirilsin. Amma əgər kadr dəyişikliyi hansısa ciddi məqsəd güdərsə, yeni proqrama uyğun kadrlar seçilərsə, o zaman bunu effektli saymaq olar. Ancaq yalnız Baş nazirin dəyişdirilməsinin ciddi əhəmiyyəti olmayacaq».


«Ayna» qəzeti:

...Son zamanlar mətbuatda dolaşan fikirlərə görə, formal qaydada istefaya getmiş nazirlərin bəziləri yenidən əvvəllər tutduqları postlara təsdiq olunmayacaqlar. Analitiklərə görə, prezident seçkiləri zamanı Hafiz Hacıyevin nazirləri tənqid atəşinə tutması, habelə ordudakı «dedovşina» faktlarının qabardılması təsadüfi deyil...

Seçkilərin necə təşkil edilməsindən asılı olmayaraq, bu dəfə səslərin hesablanmasında saxtakarlığa yol verildiyini kimsə iddia edə bilməz. Real olaraq seçkilərdə iştirak etmiş əhalinin tam əksəriyyəti İ. Əliyevə səs verib, həm də İ. Əliyevə verilən səslər hansısa nazirin yaratdığı xof və ya ayırdığı pul hesabına deyil...

Bu seçkilərdə nazirlərdən kimsə sosial narazılıqları yatırmaq üçün hansısa küçəyə öz hesabına bir metr asfalt belə tökmədi, küçə və meydanlara çıxan mitinqçiləri şil-küt etdirmədi. Bir sözlə, prezidentin bu seçkilərdə qələbə çalmasına görə xalqdan başqa kimsəyə borcu qalmadı. Xalqın borcunu vermək üçünsə ciddi kadr islahatı aparmaq zəruriliyi yaranıb ki, bunun üçün də münbit şərait var...


«Mərkəz» qəzeti:

Əhalinin sovet dövründən banklarda qalan əmanətlərinin gələn il qaytarılacağı sual altındadır.

Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının üzvü Vahid Əhmədov «Mərkəz»lə söhbətində 2009-cu ilin büdcə layihəsində bununla bağlı vəsaitin nəzərdə tutulmadığını deyib.

Amma millət vəkili noyabrda büdcə layihəsinin müzakirəsi zamanı bu məqsədlə vəsaitin ayrılmasının təklif olunacağını söyləyib.

Əmanətlərin qaytarılması mexanizmi isə artıq hazırdır. V.Əhmədov bildirib ki, hazır olan qanun layihəsində pulların qaytarılması mexanizmi ilə bağlı bir neçə variant var: «İndi əsas şərt pulun ayrılmasıdır. 2007-ci ildə pul ayrılsa da, verilmədi. Əsas da o oldu ki, əmanətlərin necə qaytarılacağına dair layihə yoxdur. İndi isə layihə var, pul ayrılmadı».

Millət vəkili banklarda qalan pulların tamamilə qaytarılması üçün təxminən 1.4 milyard manat vəsaitin lazım gəldiyini də söyləyib. Məlumat üçün bildirək ki, SSRİ dağılarkən əhalinin banklarda qalmış əmanətləri həmin dövrün məzənnəsi ilə 4 mlrd. rubldan çox olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG