Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:50

«Dedilər ki, səni bıçaqlayıblar, gəl bunu mətbuata çıxaraq…»


Eldəniz Elgün hələ də hüquq-mühafizə orqanlarına müraciət etməyib
Eldəniz Elgün hələ də hüquq-mühafizə orqanlarına müraciət etməyib
Uzun müddət müxtəlif televiziya kanallarında işləmiş jurnalist Eldəniz Elgün yeddi ay əvvəl naməlum şəxslərin onu bıçaqladığını iddia edir. O, deyir ki, hadisəni gizli saxlamağa üstünlük verib, hətta xəstəxanaya da getməyib, ev şəraitində müalicə olunub. Həmsöhbətimiz bildirir ki, 2006-cı ildə təsis etdiyi «Nyu Fakt» adlı qəzetdə dərc olunan bir yazıya görə milli-dini ayrı-seçkilik ittihamıyla təzyiqlə üzləşib. Onun sözlərinə görə, o vaxt cinayət işinin açılacağı hədələrinin qarşısında geri çəkilməyə üstünük verib, qəzetin və təsisçisi olduğu qeyri-hökumət təşkilatının fəaliyyətini dayandırıb:

«Mənə elə gəlir ki, bunu ona görə etdilər ki, birinci hadisədə mən geri çəkildim. Yəqin elə düşündülər ki, arxamda siyasi qüvvə, media olmadığı üçün mənimlə istənilən ssenarini işləyə bilərlər».
Eldəniz Elgünün sözlərinə görə, bıçaqlanandan sonra ona gələn telefon zəngi onun gümanlarını təsdiqləyib:

«Mənə zəng vurub dedilər ki, səni bıçaqlayıblar, gəl bunu mətbuata çıxaraq. Halbuki hadisədən ailə üzvlərimdən başqa heç kəsin xəbəri yox idi».
Bəs nədən jurnalist özü bu hadisə barədə danışmayıb? Eldəniz Elgün deyir ki, hansısa qüvvələrin əlində alətə çevriləcəyindən qorxub. Ölkədə siyasi durumun bir qədər sakitləşməsi Eldəniz Elgünün sözlərinə görə, ona danışmaq üçün cəsarət verib:

«Artıq ölkədə seçkilər qurtardı. Sakitçilikdir. Bu hadisəni saxlamağım düzgün olmaz. Yenidən təkrarlana bilər. Qarantiya varmı ki, bu hadisələr təkrarlanmayacaq? İstəmirəm ki, hansısa oyunun oyunçusuna çevrilim».

Eldəniz Elgün hay-küy qaldırıb siyasi mühacirətə getmək istədiyi barədə iddiaları qəbul etmir, deyir ki, ölkədə qalıb öz peşəsiylə məşğul olmaq istəyir.
Reportyorların Təhlükəsizliyi və Əməkdaşlığı İnstitutunun rəhbəri Emin Hüseynov deyir ki, Eldəniz Elgün onlara şifahi müraciət edib. Təşkilatın qaydasına görə isə, təzyiqlə üzləşmiş şəxs ilk növbədə hüquq-mühafizə orqanlarına müraciət etməlidir: «Ondan sonra rəsmi müraciət edir və biz də müdafiə etməyə başlayırıq. Lazımi sənədlərə ehtiyac var».

Amma, Eldəniz Elgün hələ də hüquq-mühafizə orqanlarına müraciət etməyib. Səbəbini bununla izah edir ki, gələn həftə mətbuat konfransı keçirəndən sonra bu addımı atacaq. Jurnalist onu bıçaqlayan şəxsin fotorobotunun hazırlanmasında da polisə yardım göstərə biləcəyini deyir. Bəs onun bıçaqlandığını sübut edən dəlillər? Eldəniz Elgün istənilən ekspertizadan keçməyə hazır olduğunu söyləyir.

Daxili İşlər Nazirliyindən bıçaqlanma hadisəsinin səsinin təxminən 7 ay sonra çıxmasını təəccüblə qarşıladılar. Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, hadisənin üstündən bu qədər vaxt keçməsinə baxmayaraq, Eldəniz Elgün onlara müraciət edərsə, həm bıçaqlanma hadisəsiylə, həm də jurnalistə təzyiqlə bağlı araşdırma aparılar.
XS
SM
MD
LG