Keçid linkləri

2024, 15 Sentyabr, bazar, Bakı vaxtı 00:08

Neft Fondunun itkiləri varmı?


DNF-də həmçinin hesab edirlər ki, maliyyə böhranı kimi, neftin qiymətinin aşağı düşməsi də builki gəlirlərə mənfi təsir göstərməyəcək
DNF-də həmçinin hesab edirlər ki, maliyyə böhranı kimi, neftin qiymətinin aşağı düşməsi də builki gəlirlərə mənfi təsir göstərməyəcək
Azərbaycanın Dövlət Neft Fondundakı (DNF) vəsaitlərin həcmi 10 milyard doları (10 milyard 216 milyon) keçib. Fondun rəsmi internet səhifəsindəki son məlumata görə, qurumun aktivlərinin 50 faizi ABŞ dolları, 40 faizi avro, 5 faizi İngiltərə funt sterlinqi, qalan 5 faizi isə digər valyutalarda saxlanılır.
Ancaq neft pullarının hansı banklara etibar edildiyi barədə hər hansı məlumat yoxdur. DNF-də deyirlər ki, vəsaitlər çox banklarda yerləşdirilib. Amma pullar tez-tez bir bankdan digərinə köçürüldüyündən onların adı açıqlanmır. Həm də bunun üçün həmin bankların razılığı olmalıdır. Bu baxımdan da həmişə yalnız üç xarici menecer bankın adı açıqlanır. Bunlar - Dünya Bankı, Deutsche Bank və Clariden leu Bankdır.
Neft pullarının yarıdan çoxu maliyyə böhranının davam etdiyi ABŞ banklarında olsa da, Fondun Mətbuat Xidmətindən Cəmalə Əliyeva nə burda, nə də Fondun əməkdaşlıq etdiyi digər banklarda problemin olmadığını deyir. O, bunu DNF-in mühafizəkar siyasətilə izah edir:
«Həmin pullar yüksək reytinqli qiymətli kağızlarda yerləşdirilib. Bu baxımdan da heç bir təhlükə gözlənilmir».
İqtisadçı Qubad İbadoğlu isə deyir ki, neft vəsaitlərinin yerləşdirildiyi əsas banklar riski az olan, reytinqli banklar olsa da, davam etməkdə olan maliyyə böhranından heç bir bank sığortalanmayıb.
DNF-də həmçinin hesab edirlər ki, maliyyə böhranı kimi, neftin qiymətinin aşağı düşməsi də builki gəlirlərə mənfi təsir göstərməyəcək. Fondun əməkdaşı Cəmalə Əliyeva deyir ki, neftin ilin əvvəlindəki yüksək qiyməti bu ucuzlaşmanı kompensasiya edəcək:
«İlin əvvəlində neftin qiyməti çox baha idi. Bu, indiki ucuzlaşmanı tamamilə kompensasiya edir. Bu, xərclərə və dövlət büdcəsinə köçürmələrə də mənfi təsir göstərməyəcək».
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə hesab edir ki, Fonddakı pulların çox az bir hissəsi qiymətli kağızlar şəklindədir, digər hissə isə uzunmüddətli depozitdə saxlanılır. Bu baxımdan da o düşünür ki, Azərbaycanı Rusiya və Qazaxıstanın taleyi gözləmir:
«Azərbaycan bu pulları bir neçə illiyə həmin banklara qoyubsa, burda risk xeyli azdır. Ən çox risk çox pul yatırımlarındadır. Çoxları, elə mən özüm də deyirdim ki, neft pullarını daha gəlirli səhmlərə, qiymətli kağızlara yönəltmək lazımdır. Amma əgər may ayında səhmlərin qiyməti ən yüksək həddə qalxmışdısa, üç-dörd aydan sonra bazar tamamilə dəyişdi».
İlham Şaban hesab edir ki, 2008- ci ildə neftin qiymətinin 60 dollara belə düşməsinin büdcəyə qorxusu yoxdur. Çünki bu ilin əvvəlindən neftin orta qiyməti 109 dollardan aşağı düşməyib. Onun fikrincə, qiymətlər 40 dollara düşsə, problemlər yarana bilər.
XS
SM
MD
LG