«Azadlıq» qəzeti bu barədə yazıb. «Yeni Azərbaycan Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ümid, Böyük Quruluş, Aydınlar, Liberal Demokrat və Müasir Müsavat partiyasını büdcə hədiyyəsi gözləyir. Belə ki, YAP icra katibinin müavini Siyavuş Novruzov mətbuata açıqlamasında prezident seçkilərinə qatılan partiyaların dövlət büdcəsindən maliyyələşəcəyini bildirib».
Qəzet yazır ki, «Hakim partiyanın sözçüsü «Siyasi partiyalar haqqında» qanuna əlavə və dəyişikliklərlə bağlı parlamentə göndərilən təkliflərdə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsini istədiklərini qeyd edib. O, bu maliyyələşmənin əsası kimi sözügedən partiyaların prezident seçkilərində iştirak etməsini, göstərib».
AXCP sədrinin müavini Həsən Kərimov məsələyə münasibət bildirərək deyib ki, «hakimiyyətin bu hərəkəti gözlənilən idi». Müsavat partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacılı isə hesab edir ki, «seçkilərin nəticələrinə görə maliyyələşmə absurddur».
«Bizim Yol»: Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazovun fikrincə, son 5 il ərzində ölkə durmadan avtoritarizmin gücləndirilməsi istiqamətinə yönəlib, ölkədə demokratik azadlıqlar boğulub. Siyasi məhbuslarla, KİV azadlığı, seçkilər, müstəqil məhkəmə sistemi ilə bağlı vəziyyət pisləşib: «Amma elə bir kritik məqam yaxınlaşır ki, artıq hakimiyyət ölkədə demokratiyanı təqlid edə bilməyəcək. Bu vəziyyətdə qəti seçim etmək lazım gələcək: ya tamamilə avtoritar dövlət olmaq, ya da real demokratik proseslərə başlamaq».
«Yeni Azərbaycan» yazır ki, 2008-ci ilin prezident seçkiləri Azərbaycanda seçki fəlsəfəsini dəyişdirdi. «Çox təəssüf ki, seçkilərdə məğlub olmuş müxalifət qüvvələrinin göstərdiyi yüksək alicənablığı onların bəzi həmkarları göstərə bilmədi. Onlar əllərinə düşən bu qızıl fürsəti geri çevirərək Azərbaycan cəmiyyəti ilə barışmaq şansından yararlana bilmədilər. Bu dəfə də cəmiyyətə, dövlətə düşmən imicinə sədaqət göstərərək, müxalifətdə «paslanmağa» qərar verdilər». Qəzet yazır ki, bundan sonra ənənəvi müxalifətin sadəcə bir yolu qalıb «qovluqlarını qoltuqlarına vurub, siyasi arenanı tərk etmək».
«Üç nöqtə»: Milli Bankın İdarə Heyəti sədrinin müavini Rüfət Aslanlı deyir ki, «ölkədə maliyyə kəşfiyyatı institutu yaradılacaq». O, «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» qanun layihəsini şərh edərkən belə deyib. Azərbaycanda maliyyə kəşfiyyatı institutunun olmadığını deyən R.Aslanlı qanunun qəbulundan sonra bu məsələnin də reallaşdırılmasının nəzərdə tutulduğunu bildirib.