Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:36

Seçki saxtakarlığı ilə mübarizədə boykotçuların mövqeləri haçalanır


Seçkini boykot edən müxalifət partiyalarının nümayəndələri 150 məntəqədə müşahidə aparıblar
Seçkini boykot edən müxalifət partiyalarının nümayəndələri 150 məntəqədə müşahidə aparıblar
Dinlə

Həm yerli, həm də beynəlxalq müşahidəçilər prezident seçkisində bir sıra qanunsuzluqlara yol verildiyini bildirsələr də, Mərkəzi Seçki Komissiyasının (MSK) sözçüsü Azər Sarıyev qurumun heç bir yazılı şikayət almadığını deyir. Yalnız seçki günü jurnalistlər MSK-ya iki qanun pozuntusu faktı ilə bağlı xəbər ötürüblər:

«İki dairədən müraciət daxil olub. Birində deyilir ki, müəllimlər seçicilərə hansısa siyahıları imzalatdırırlar, digərində sol əlin deyil, sağ əlin baş barmağına mürəkkəb vurulduğu bildirilir. Əməkdaşlarımızı ezam etmişik məsələləri yerində araşdırırlar».

Seçki günü MSK-nın sözçüsü Azər Sarıyev quruma daxil olan saxtalaşdırma faktları ilə bağlı dörd xəbərdən üçünü «Azadlıq» radiosu əməkdaşlarının verdiyini bildirmişdi. Araşdırmalar zamanı saxtalaşdırmalar təsdiq olunmuşdu.

Seçkini boykot edən müxalifət partiyalarının nümayəndələri 150 məntəqədə müşahidə aparıblar. AXCP sədrinin müavini Həsən Kərimovun sözlərinə görə, əsas saxtakarlıqlar günorta saat 12-dən sonra qeydə alınıb. Onun sözlərinə görə, hakimiyyət saat 12-dən sonra seçicilərin seçkiləri boykot etməsindən ehtiyatlanaraq karusel əməliyyatına başlayıb:

«Bu karusel əməliyyatında müəllimlər, həkimlər, ARDNŞ-ın əməkdaşları iştirak edib. Biz hətta avtobusların nömrələrini də götürmüşük. Bakının böyük ticarət mərkəzlərinin işləməməsi, işçilərə çağırış vərəqələrinin arxasına möhür vurdurub iş yerinə təqdim etmələri ilə bağlı tələblərin hamısını qeydə almışıq».

H.Kərimov bildirir ki, yaxın günlərdə pozuntu faktları ilə bağlı konkret sənədlər MSK-ya təqdim ediləcək.

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı isə deyir ki, bu sənədlərin MSK-ya verilməsinə ehtiyac yoxdur:

«Çünki ötən dəfələrdə biz seçki saxtakarlıqları ilə bağlı sənədlərin əslini MSK-ya təqdim etmişdik. Sonradan o sənədlərin heç birini alıb məhkəməyə müraciət edə bilmədik. Məhkəmə sənədlərin surətinin təqdim olunduğunu bəhanə gətirərək saxtakarlıq faktlarının heç birini araşdırmadı. Bu səbəbdən Müsavat Partiyası sənədləri beynəlxalq qurumlara, eyni zamanda mediaya təqdim etmək üçün özündə saxlamaq fikrindədir».

G.Aslanlı da deyir ki, əsas pozuntu karusel əməliyyatı ilə yanaşı seçkiyə gələnlərlə seçki qutularından çıxan bülletenlərin sayındakı fərqlə bağlıdır. Müsavatın nümayəndəsi bildirir ki, bu, karusel əməliyyatında iştirak edənlərə bir neçə bülleten verilməsi kimi izah oluna bilər.

MSK-dan bildirirlər ki, əgər quruma hər hansı şikayət daxil olsa və araşdırmalar zamanı qanun pozuntusu təsdiqlənsə, bu, motivindən və ağırlıq dərəcəsindən asılı olaraq ya İnzibati Xətalar, ya da Cinayət Məcəlləsinin uyğun maddələri ilə nizamlanacaq.

Cinayət qanunvericiliyinə görə, seçki saxtakarlığına yol verənlər şərti maliyyə vahidinin 100 mislindən 500 mislinədək cərimələnməklə yanaşı, həm də 2 illiyə islah işlərinə məhkum oluna bilər.
XS
SM
MD
LG