Dinlə
«18 oktyabr 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa edib. Müsavat Partiyası hesab edir ki, İstiqlal bayramı bütün dünya dövlətlərində olduğu kimi, bizdə də qeyri-iş günü kimi qeyd olunmalıdır. Bu bayram öz həqiqi qiymətini almalıdır».
«Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı – Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı belə deyir:
«Bütün bayramlarda da adətən qəbrüstünə gedirik, Şəhidlər Xiyabanını yad edirik. Təbii ki, bu vacibdir, amma bayramların qeyd edildiyi başqa məkanlar da olmalıdır. 1918-20-ci illər Cümhuriyyətinə və yeni dövrdəki istiqlal mübarizəsinin şərəfinə abidələr ucaldılmalıdır».
Onun sözlərinə görə, təqvimdə qırmızı olan günlər çox olsa da, real bayram günləri azdır:
«Hətta kiminsə parlamentin spikeri seçildiyi tarix bayram kimi təqvimə salınıb. Kimlərinsə ad günləri az qala dövlət bayramı səviyyəsinə qaldırılıb. 18 oktyabr isə qeyd olunmur».
Verilişin digər qonağı - Bakı Dövlət Universitetinin professoru, tarixçi-alim Musa Qasımov da 18 oktyabrın Azərbaycan tarixinin mühüm günlərindən biri olduğunu deyir:
«Amma bu tarixi bayram kimi qeyd etməyə ehtiyac yoxdur. Bizim dövlətimiz bir dəfə yarandığından və indiki hakimiyyət Cümhuriyyətin varisi olduğundan, mayın 28-i bütün 18 oktyabrları qat-qat kölgədə qoyur».
Arif Hacılı isə bu fikirlə razılaşmır:
«Azərbaycan BMT-yə 18 oktyabr 1991-ci ildə yenidən müstəqilliyini əldə etmiş bir dövlət kimi daxil olub. Ona görə də Azərbaycanın sonuncu İstiqlal bayramı 18 oktyabrdır. 18 oktyabrla 28 mayı qarşı-qarşıya qoymamalıyıq».