Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 06:19

«5 il də belə getdi»


«Real müxalifət 2008-ci ilin prezident seçkisində iştirak etsəydi, indi ölkədə başqa cür ab-hava vardı...»
«Real müxalifət 2008-ci ilin prezident seçkisində iştirak etsəydi, indi ölkədə başqa cür ab-hava vardı...»
«Yeni Müsavat»: «5 il də belə getdi»-, qəzeti köşə yazarı Elşad Məmmədlinin məqaləsi belə adlanır. «Neçə illərdir sadə Azərbaycan vətəndaşı ömrünü bada verir. Qarabağ, normal güzəran, demokratik cəmiyyət həsrəti çəkdiyimiz günlərin sayını artıq kalkulyatorla hesablamaq lazım gəlir. Düz 15 ildir ki, eyni şərtlər altında yaşayırıq. Heç bir dəyişiklik baş vermir. Nə ölkədə, nə siyasətdə, nə yanaşmalarda, nə də gündəlik həyatımızda yenilik var».
«…Və beş il də belə getdi. Proseslərə Allah özü müdaxilə etməsə, müxalifətimiz müdaxilə edəsi deyil: görünən budur. Bir daha iddia edirik ki, real müxalifət 2008-ci ilin prezident seçkisində iştirak etsəydi, indi ölkədə başqa cür ab-hava vardı... Amma bu bir gerçəklikdir ki, belə getsə qarşıdakı beş ildə Azərbaycan Özbəkistandan da betər qapalı bir ölkəyə çevriləcək; daha müxalifətçi dostlarımızı NATO-dan danışmağa da qoymayacaqlar».

«Bizim Yol»: «İlham Əliyev yalnız Qərbdən asılıdır. O mənada ki, strateji baxımdan razılaşma var və bunun qarşılığında İlham Əliyev siyasi-iqtisadi islahat aparmalıdır. Söhbət ondan gedir ki, İlham Əliyev hakimiyyətdə qalır və islahatları davam etdirir. Məncə, bu proses aparılacaq». «Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev belə deyir: «Qarşıda Avropa Birliyi və NATO ilə layihələrin işlənməsi dayanır. Bu layihələrin həyata keçirilməsi ciddi islahatlara səbəb olacaq. Bu, qaçılmazdır. Ona görə də Qərb 15 oktyabr seçkilərinə loyal münasibət göstərdi».

«Azadlıq»: «Bir daha başa düşdüm ki, siyasət mənlik deyil»-, Rövşən Hacıbəyli «Məğlublar mühakimə olunmur» başlıqlı köşəsində belə yazır. «Seçki başa çatıb. Nəticələr bəllidir. Lətifəsi hamıdan uzaq, Hafiz Hacıyevsayağı məğlubiyyətimi etiraf etmişəm. Özü də dərhal… Azərbaycanda siyasətçi olmaq, politoloq eşqinə düşüb siyasi proqnozlar vermək çətin, çox çətin, amma çətin olduğu qədərdə asan məsələdir».

«Azərbaycan» yazır ki, prezident seçkiləri zamanı bir çox məntəqələrdə quraşdırılan «veb-kameralar sınaqdan uğurla çıxdı». «Veb-kameralar vasitəsilə əldə edilən videogörüntülər mərkəzləşdirilmiş qaydada yazılıb. Bu görüntülər şikayətlərin araşdırılması zamanı sübut kimi istifadə edilə bilər. Kameraları quraşdıran Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həmin video görüüntülərin 5 il saxlanılmasını təmin edəcək».

«Üç nöqtə»: Millət vəkili Vahid Əhmədov hesab edir ki, Rəqabət Məcəlləsinin qəbul olunması ölkədə monopoliyaların qarşısını ala bilər. «Bəzi millət vəkilləri deyirlər ki, Rəqabət Məcəlləsinin qəbulu heç nəyi dəyişməyəcək. Yəni, onların fikrincə, Azərbaycanda müəyyən inhisarçılıq, monopoliya halları olduğu üçün bu məcəllənin qəbulu neqativ amillərin qarşısını ala bilməyəcək. Amma şəxsən mən belə hesab etmirəm və onun qəbulunu tezləşdirmək lazımdır. Mən o fikirdə deyiləm ki, bu məcəllənin qəbulu ilə hər şey bir andaca həll olunacaq, inhisarçılıq, monopoliya elementləri aradan qaldırılacaq. Lakin belə düşünürəm ki, onun qəbulu ilə tədricən də olsa, ölkədə inhisarçılığın qarşısını almaq mümkün olacaq».
XS
SM
MD
LG