Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

«Standartların qorunmasıyla bağlı problem var»


«Azərbaycan üçüncü ölkələr sırasındadır və bura da aşağı keyfiyyətli mallar göndərilir»
«Azərbaycan üçüncü ölkələr sırasındadır və bura da aşağı keyfiyyətli mallar göndərilir»
Dinlə

Bakının mərkəzində yerləşən mağazaların birində qızğın alver gedir. Piştaxtaya yaxınlaşanlar yalnız malın qiymətini soruşur və pulunu ödəyir. Yalnız bir xanım almaq istədiyi kolbasanın keyfiyyətilə maraqlanır:
- Kolbasa necədir?
- Yaxşı kolbasadır.
- Təzədir?
- Əlbəttə.
- Yarım kilo verin…
Vəssalam, alıcı satıcıya inanıb kolbasanın üstündəki keyfiyyət nişanına, hazırlanma normasına diqqət yetirmədən pulunu ödəyib çıxır. Başqa bir xanım isə xama almaq istəyir:
- Xanım, aldığınız malın standarta uyğun gəlib-gəlmədiyini bilirsiniz?
- Yox, amma onu dəqiq bilirəm ki, standarta uyğun deyil
- Bəs onda niyə alırsınız?
- Çünki ayrı seçimim yoxdur.
Ərzaq mağazasının satıcısı Arzu Məmmədova isə deyir ki, onlar üstündə keyfiyyət göstəriciləri olmayan malları götürmürlər:
«İstehsal tarixinə baxırıq ki, vaxtı bitmiş olmasın».
Bakıdakı bankların birində çalışan Dilarə Səmədova isə hesab edir ki, Azərbaycanda nə yerli, nə də xaricdən gətirilən bir çox mallar normaya uyğun deyil. Onun fikrincə, Azərbaycan üçüncü ölkələr sırasındadır və bura da aşağı keyfiyyətli mallar göndərilir:
«Bir dəfə bir şampunun «probnik»ini aldım, çox yaxşı, keyfiyyətli idi, amma özünü alanda keyfiyyətsiz çıxdı».
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov isə hesab edir ki, ölkədə standartların qorunmasıyla bağlı problem var. Onun fikrincə, ərzaq məhsulları arasında bir çox spirtli və sərinləşdirici içkilər, o cümlədən süd məhsulları, eyni zamanda bəzi üst geyimləri standartlara uyğun gəlmir. E.Hüseynov məsləhət görür ki, alıcılar üstündə «qost», yəni standartın dövlət normalarına uyğun olduğunu göstərən mala üstünlük versinlər:
«Malın nişanında mütləq hansı standarta uyğun olduğu yazılır. Bəzən mal texniki şərtlərlə buraxılır. Bu zaman TŞ yazılır. Bu şərti müəssisə özü hazırlayır».
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əməkdaşı Məzahir Səmədzadə isə deyir ki, üzərində texniki şərtlər olan mallara etibar etmək olar:
«Şərtlər özbaşına alınmır. Texniki şərtlər əsasında normalar hazırlayan müəssisələr aidiyyəti nazirlik tərəfindən yoxlanır və qeydiyyata alınır».
Amma M.Səmədzadə bəzi spirtli və sərinləşdirici içkilərin, o cümlədən süd məhsullarının standartdan kənar hazırlanmasıyla bağlı ittihamları qəbul etmir. Bununla belə, o da deyir ki, əgər ölkədə bütün müəssisələr standartlara əməl etsəydi, monitorinqlər davamlı olmazdı.
XS
SM
MD
LG