Avropa Birliyinin xarici işlər nazirləri Rusiya ilə əməkdaşlığı bərpa edib-etməməklə bağlı qərar verməyi təxirə salıblar. Bu, birlik üzvləri arasında fikir ayrılıqları ilə bağlıdır. Nazirlər bildirirlər ki, Rusiya qoşunlarını Gürcüstandan çıxarmaqla bağlı öhdəliklərinə əməl etməyib.
Bəzi Avropa ölkələri isə hesab edir ki, Moskva atəşkəs müqaviləsinə sadiqdir və qoşunlarını Cənubi Osetiya ətrafından çıxarır. Digər qrup ölkələr isə qoşunların çıxarılması prosesini tam qənaətbəxş qiymətləndirmir.
İsveçin xarici işlər naziri Karl Bildt belə deyib:
«Rusiya bəzi ərazilərdən qoşunlarını çıxarıb – bu əsasən bufer zonasıdır, amma rus qoşunlarının qaldığı bəzi ərazilər var ki, avqustun 7-dən əvvəl həmin ərazilər onların nəzarətində deyildi».