«Yeni Müsavat»: Ölkədə bahalaşma yenə də artan templə davam edir. Xüsusən də bazarlarda qiymətlər durmadan artır. Qəzet yazır ki, bazarın içərisində alıcılara bir qiymət, bayırında isə başqa qiymət təklif edilir. «Məsələn, bazarın içərisində üzüm 3 manata, bayırda isə 2 manata satılır. Tərəvəzin qiyməti isə müxtəlifdir». Bir neçə ticarət mərkəzinə baş çəkən jurnalist bildirir ki, göyərti, həmçinin süd məhsulları da bahalaşıb.
Bahaçılıqdan təkcə alıcılar yox, elə satıcılar da şikayətçidirlər. Onlar istehsalın çətinləşdiyini, malın paytaxt bazarlarına çatdırılma xərclərinin isə artdığını deyirlər. Satıcılardan biri narazılığını belə ifadə edib: «Alıcının gərək alıcılıq qabiliyyəti, pulu olsun ki, bazara gəlsin. Ölkədə istehsal yox, işləmək üçün müəssisə yox, insanlar pulu haradan alsınlar ki?! Hələ gəlib bazarlıq da etsinlər».
«Yeni Azərbaycan» qəzeti Ermənistanın konstruktivliyə məcbur edən amillər barədə yazıb. Deputat Zahid Oruc Azərbaycanın istər Avropada, istərsə regionda ümumiyyətlə, beynəlxalq məkanda mövqeyinin güclənməsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir etdiyini bildirib. Onun sözlərinə görə, qlobal güclər Cənubi Qafqazdakı son situasiyalardan sonra köhnə vəziyyətin davamlılığı halında prosesin başqa cür inkişaf edəcəyini proqnozlaşdırırlar. Politoloq Elman Nəsirli deyir ki, Türkiyənin Cənubi Qafqazda sabitlik və əməkdaşlıqla bağlı irəli sürdüyü platforma çərçivəsində fəal bir xarici siyasətə başlaması da Ermənistanın mövqeyinə böyük təsir edib.
«Üç nöqtə»: «Bakı Xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev müsahibəsində Azərbaycanda qəzetlərin siyasiləşməsi məsələsinə toxunub: «Qəzetlərin daha çox siyasi mövzularda yazması böyük problem deyil. Bəla burasındadır ki, qəzetlər partiyalaşır. Qəzetlərin bir çoxu ayrı-ayrı partiyaların tribunasına çevrilib. Maraqlıdır ki, ölkədə siyasi partiyaların fəaliyyətinin tempinin qalxıb-enməsindən asılı olmayaraq, həmin siyasi partiyanın mətbuat orqanı əvvəlki səviyyədə mübarizəni davam etdirir. Partiya aktivlik tonusunu aşağı saldığına görə hədəfdə məhz qəzetin özü qalır. Bu çox anormal haldır».
«Ekspress»: Göytürk imperatorluğunun xaqanı Bilgə xaqanın heykəli tapılıb. Alimlərin fikrincə, tarixdə hun, türk və monqol imperiyalarını quranların hamısı eyni kökdən gəlir. Bilgə xaqana gəldikdə, bu böyük dövlət xadimi 683-cü ildə doğulub. O, Göytürk Xaqanlığını idarə edib.