Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:08

Müəllimlərin maaşı neçə dəfə artıb?


Eksperti deyir ki, müəllimlər onların maaş artımı ilə bağlı sərəncamı yalnış başa düşüblər
Eksperti deyir ki, müəllimlər onların maaş artımı ilə bağlı sərəncamı yalnış başa düşüblər
Dinlə

Prezident İlham Əliyev sentyabrın 1-də minimum əməkhaqqının 60 manatdan 75 manata qaldırılması ilə bağlı sərəncam verdi. Bunun ardınca orta məktəb müəllimlərinin maaşı 25, ali məktəb müəllimlərinin məvacibi isə 50 faiz artırıldı. Bakı məktəblərindən birində müəllimə işləyən Xalidə İbrahimli deyir ki, qabaqlar onların maaşları minimum əməkhaqqı artırılanda da çoxalırdı. Ancaq indi məvacibləri bir dəfə artıb:

«Həmişə minimum əməkhaqqı artırılanda bizim maaşlarımız da artır. Sərəncam verilmir ki, eyni vaxtda müəllimin məvacibi də artır, başqa vəzifə sahiblərinin də. Onda niyə yanlış informasiya verirlər? Elə desinlər ki, müəllimlərin maaşı bir dəfə artıb».

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Plan-maliyyə sektorunun müdiri İsmayıl İsmayılov da bu faktı təsdiqləyir. Ancaq o, orta məktəb müəllimlərinin əməkhaqqının həm də staja, sinif rəhbərliyinə və dəftər yoxlamağa görə artdığını deyir:

«Bu işlərin hər birinə ayrı-ayrılıqda maaş hesablayırıq».

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Rövşən Ağayev isə deyir ki, müəllimlər onların maaş artımı ilə bağlı sərəncamı yalnış başa düşüblər. Müəllimlərin əməkhaqlarını tənzimləyən sistem vahid tarif cədvəlidir. Vahid tarif cədvəlindəki rəqəmlər isə minimum əməkhaqqı əsasında dəyişir:

«Müəllimlər elə bilməsinlər ki, bu sərəncamların hər ikisi onlara aiddir. Onların maaşı yalnız bir dəfə artır. Sərəncamda büdcə sahəsində çalışanlar mücərrəd yox, konkret göstərilir. Ona görə də müəllimlərin məvacibinin artırılması yalnız bir dəfə nəzərdə tutulub. Fərq yalnız orta və ali məktəb müəllimlərinin maaşlarının artım tempindədir – orta məktəb müəllimlərinin maaşı 25, ali məktəb müəllimlərinin əməkhaqqı isə 50 faiz artıb».

Məvacib artımı ilə bağlı sərəncamlardan sonra ali məktəblərdə müəllimlərin vəzifə maaşları ilə yanaşı, elmi adlara və dərəcələrə görə aldıqları pulun da artacağı xəbəri yayılıb. Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Bayram Hüseynzadə isə deyir ki, söhbət birmənalı olaraq vəzifə maaşlarından gedir. Yəni bu sərəncamla müəllimlərin elmi adlara görə, aldıqları əməkhaqlarının məbləğində heç bir dəyişiklik edilməyəcək:

«Sərəncamda göstərilir ki, vəzifə maaşı artırılıb. Vəzifə maaşının elmi adlara heç bir bağlılığı yoxdur. Bunun üçün əlavə sərəncam verilir. Bildiyim qədər elmi adlara, dərəcələrə görə, müəyyən əməkhaqqı verilir».

B.Hüseynzadənin sözlərinə görə, elmi adlar və dərəcələr üzrə əməkhaqlarının artırılması prezidentin müstəsna səlahiyyətidir.
XS
SM
MD
LG