Dinlə
Azərbaycan parlamentinin keçmiş spikeri, hazırda ABŞ-da mühacirətdə olan Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası (ACP) seçkidə İlham Əliyevin prezidentliyini müdafiə edəcək. Partiyanın sədri Akif Şahbazov «Azadlıq» radiosuna deyir ki, artıq rayon şöbələrinə seçkidə İ.Əliyevin dəstəklənməsinə yardım göstərilməsilə bağlı göstəriş verilib. ACP sədri bildirir ki, indiyə qədər müxalifət düşərgəsində olduğunu bildirən partiyanın belə bir siyasi dönüş etməsinin səbəbi hazırkı prezidentin uğurlu daxili və xarici siyasət yürütməsidir.

A.Şahbazova görə, bu qərar heç də ACP-ni müxalifətçilikdən əl çəkməsi kimi başa düşülməməlidir:
«Müxalifətçi mövqeyimizi olduğu kimi davam etdirəcəyik. Ancaq elə məsələlər var ki, orda müxalifətçilik etməyinə dəyməz. Bundan sonra biz reallıqlara əsaslanan real mübarizə metodları ilə siyasətimizə davam edəcəyik. Bu, ənənəvi müxalifətin metodlarından fərqli olacaq. Azərbaycan dövlətinin də yeni, sağlam, ənənəvi olmayan müxalifətə ehtiyacı var».
ACP-nin keçmiş üzvü Solmaz Ələsgərova da keçmiş partiyadaşlarının bu qərarını bəyənir. O, təxminən iki həftə öncə İlham Əliyevi dəstəklədiyini açıqlayaraq ACP sıralarını tərk edib. Rəsul Quliyevin ardıcıl tərəfdarı kimi tanınan S.Ələsgərovanın fikrincə, partiya indiki məqamda ən doğru qərarı verib:
«Bu gün ictimai-siyasi həyatda durum elədir ki, hamı seçim qarşısındadır. Əgər qısa müddətdə belə radikal partiya İlham Əliyevi dəstəkləyirsə, bunun özü siyasi həyatda inkişaf deməkdir».
ACP-nin sədri Akif Şahbazov partiyanın lideri Rəsul Quliyevin bu qərara münasibətindən xəbərsizdir. Onun sözlərinə görə, tərəflər arasında münasibətlər birtərəfli qaydada olur. R.Quliyev partiya rəhbərliyindən heç kimlə əlaqə saxlamadığından onun mövqeyi bilinmir. Eks-spiker isə deyir ki, partiya İlham Əliyevi dəstəkləmək qərarını heç də onun göstərişi ilə verməyib:
«Sözsüz ki, partiya bu qərarı müstəqil qəbul edib. Bununla bağlı mövqeyimi bildirmişəm. Əlavə deyəcəyim bir söz yoxdur».
Müxalifyönlü «Azadlıq» qəzetinin şərhçisi Sücəddin Şərifov isə düşünür ki, ACP-nin prezident seçkisinə olduqca qısa zaman qaldığı dönəmdə belə bir qərar verməsinin iki mümkün səbəbi ola bilər:
«Real alternativlər seçkidə iştirak etmədiyi halda İlham Əliyevin müxalifət adına tanınan qüvvələrdən dəstəyə ehtiyacı var idi. Müxalifətdən bir neçə nəfərin düşərgəsini dəyişməsini də onunla izah edərdim. Belə bir zamanda Rəsul Quliyev özünə sərfəli siyasi bazarlığa üstünlük verib. Çox güman, bunun ardınca keçmiş spikerin ölkəyə qayıdışı məsələsi gündəmə gələcək. İkinci variant odur ki, Rəsul Quliyevin partiyası əlindən gedirdi və o, siyasi arenada rüsvay olmamaqdan ötrü barışmaqdan başqa çarə tapmadı».
S.Şərifovun sözlərinə görə, Açıq Cəmiyyət Partiyasının prezident seçkisində İlham Əliyevi dəstəkləməsi onun gələcəkdə müxalifət düşərgəsi ilə yenidən bir araya gələ bilmək şanslarını böyük sual altında qoyur.
Akif Şahbazov isə deyir ki, partiya prezidenti dəstəkləsə də, müxalifətdədir. Kim necə başa düşür, düşsün.