Dinlə
Prezidentliyə namizəd İlham Əliyevin seçki qərargahına gedərkən marşrut taksidə sərnişinlərin çoxsaylı etirazlarına baxmayaraq, sürücü inadla «Mən səni görmək istəsəm hara gəlim» mahnısını oxudurdu. Ancaq ağlıma belə gəlmirdi ki, seçkinin favoriti sayılan namizədin seçki qərargahı ilə bağlı da eyni sualla üz-üzə qalacağıq.
Əslində bizi Yeni Azərbaycan Partiyasının baş qərargahına aparan da o sual idi ki, görəsən, hakim partiyanın təbliğatının hansı özəlliyi İ.Əliyevi hətta bəzi rəqiblərinin də gözündə seçki marafonunun favoritinə çevirib?
Ancaq şəhərin mərkəzində yerləşən qərargahın girişində polislər «seçki qərargahına necə gedə bilərəm» sualımı təəccüblə qarşıladılar. Bir neçə polis bir-birindən qərargahın yerini soruşdu. Bəlli oldu ki, qərargahın yerindən xəbəri olan yoxdur. YAP-ın Mətbuat Xidmətindən isə bildirdilər ki, partiya seçki ilə bağlı xüsusi qərargah ayırmayıb, YAP-ın mərkəzi qərargahından reportaj hazırlamaq isə mümkün deyil. Bu halda partiyanın rayon şöbələrindən birində seçki hazırlığını müşahidə etmək istədiyimizi bildirdik. Cavab gəldi ki, partiyanın rayon şöbələrinin də qapıları «Azadlıq» radiosunun üzünə bağlıdır.
Hazırkı dövlət başçısının prezidentliyini müdafiə edən «İlhamla İrəli» Gənclər Hərəkatının lideri Ceyhun Osmanov isə deyir ki, İlham Əliyevin seçki qərargahı var. Özü də orada tez-tez olur. Vətəndaşların seçki ilə bağlı İlham Əliyevə göndərdiyi ismarıcları YAP rəhbərliyinə çatdırmaq üçün:
- Seçki ilə bağlı bütün işlər YAP-ın mərkəzi qərargahında aparılır. Rayonlarda isə bu işləri birbaşa partiyanın rayon şöbələri görür. Müraciətlər hamısı partiyanın icraçı katibi Əli Əhmədova çatdırılır, o da öz növbəsində cənab İlham Əliyevə ötürür. Mən özüm dəfələrlə ora getmişəm. Bütün seçki ilə bağlı suallarımızı yalnız ora yönəldirik. Bir neçə gün öncə oradaydım. Xaricdən jurnalistlər gəlmişdilər, heç bir problem olmadan Səyavuş müəllimlə görüşdülər. Heç görüş öncədən razılaşdırılmamışdı.
İlham Əliyevin vəkili Səyavuş Novruzovla biz də görüşmək istədik. Görüş vaxtını təyin etmək üçün S.Novruzova zəng vurduq:
- Səyavuş müəllim, salam.
- (Çox arxayın və rahat səslə) Salam.
- Səyavuş müəllim, «Azadlıq» radiosundan...
- (Tələsik) Mən indi iclasdayam, sonra danışarıq.
Növbəti iki saatda Səyavuş Novruzovun mobil telefonuna cavab verən köməkçisi bildirdi ki, toplantı hələ başa çatmayıb.
«Yeni Müsavat» qəzetinin köşə yazarı Elşad Paşasoy isə deyir ki, YAP namizədinin seçki qərargahının olmamasında qəribə heç nə yoxdur:
- Əgər YAP rəsmisi deyir ki, İlham Əliyevin seçki qərargahı yoxdur, o zaman biz bu xəbərə inanmalıyıq. Ancaq başqa tərəfdən hakimiyyətin bütün resursları YAP namizədinin təbliğinə xidmət edirsə, onda konkret seçki qərargahının olmaması bizə təəccüblü görünməməlidir.
Bakı küçələrində rəyini soruşduğumuz sakinlər də deyirlər ki, onlara İlham Əliyevin seçki qərargahının yeri bəlli deyil. Bəlli olsaydı…
- Mən məmurlardan çoxlu şikayət edərdim.
- İlham Əliyevin seçki qərargahı bütün Azərbaycandır.
- Nazirlər Kabinetindən yuxarıda yerləşir.
- İlham Əliyevin seçki qərargahı mənim ürəyimdə yerləşir.