Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:35

Əsgərləri niyə tərxis etmirlər?


Valideynlər deyir ki, bəzi hərbi hissələrdə tərxis olunma müvəqqəti dayandırılıb
Valideynlər deyir ki, bəzi hərbi hissələrdə tərxis olunma müvəqqəti dayandırılıb
Dinlə

Bakı sakini Gündüz Hüseynov səbirsizliklə Qusarda əsgəri xidmətini başa vurmuş oğlunun evinə dönməsini gözləyir. Amma oğlu da zəng edib deyir ki, hələlik onu gözləməsinlər:

«Oğlumun əsgərlik müddəti bitib. Bizə zəng vurub deyir ki, prezident seçkisiylə bağlı hələ onları buraxmırlar».

Oğullarının hərbi xidmət müddəti oktyabrın 1-də başa çatmış valideynlərin bəziləri də bu şikayətlə mətbuata üz tutublar. Onların sözlərinə görə, bəzi hərbi hissələrdə tərxis olunma müvəqqəti dayandırılıb, bəzisində isə tərxis olunan əsgərlərin hərbi biletinin oktyabrın 15-də veriləcəyi bildirilib. Valideynlər iddia edirlər ki, övladları prezident seçkisində hərbi hissədə səs vermələri üçün saxlanılır.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu isə hərbi hissələrdə əsgərlik müddəti başa çatmış əsgərlərin tərxisində problem olmadığını söyləyir. Onun sözlərinə görə, bəzi yerlərdə yeni komplektləşmə getmədiyindən vaxtı çatanlar hələ tərxis olunmayıb:

«Bunun seçkiyə heç bir aidiyyəti yoxdur. Sadəcə, yeni çağırışçılar hərbi hissəyə getməlidirlər ki, vaxtı qurtaranlar tərxis olunsun. Komplektləşmə başa çatanda tərxis də sona yetəcək».

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov isə bu arqumentlə razılaşmır. O deyir ki, yeni çağırışçılar artıq hərbi təcrübəsi olan əsgərləri əvəz edə bilməzlər, onlar hələ hazırlıq keçməlidirlər. Ü.Cəfərov onu da deyir ki, tərxis olunmanın dayandırılması dövlət büdcəsinə də ziyan vurur, çünki Müdafiə Nazirliyi bir əsgərin əvəzinə ikisini yedizdirməlidir.

Seçki məsələləri üzrə ekspert Hafiz Həsənov da deyir ki, qapalı müəssisələrdə səsvermə prosesinə ictimai nəzarət mexanizmi olmadığından məhbusların, hərbçilərin səsiylə seçkinin nəticəsinə təsir etmək olar:

«Ötən parlament seçkilərində mülki seçki məntəqələrində qalib gəlmiş namizədin nəticəsinə məhz seçki dairəsində olan hərbi hissədə və cəzaçəkmə müəssisəsində keçirilmiş səsvermə təsir edib. Bu qapalı müəssisələrdə hamı bir nəfərə səs verib».

Ötən parlament seçkisinə Bakı rayonlarının birindən qatılmış vəkil Adil İsmayılov da «Azadlıq» radiosuna bildirmişdi ki, o, bir çox mülki seçki məntəqələrində səs yığsa da, əsas rəqibi, hakimiyyətin dəstəklədiyi Səməd Seyidov məhz qapalı müəssisələrdən gələn səslərin hesabına digər namizədləri qabaqlamışdı. Hərçənd Səməd Seyidov da «Azadlıq» radiosuna müsahibəsində bu ittihamlarla razılaşmamış və demişdi ki, hərbçilərin səsini şübhə altına almağa heç kimin ixtiyarı yoxdur.

Avropa Şurasının Venesiya Komissiyası isə təklif etmişdi ki, hərbçilər də mülki seçicilərlə birgə səs versinlər. Qonşu Türkiyədə isə əsgərlər hərbi xidmət dövründə bir sıra hüquqlardan, o cümlədən seçki prosesində iştirak etməkdən məhrum olurlar. Çünki onlar öz yaşadıqları yerdə qeydiyyatdadırlar. Bu məhrumiyyət məhbuslara da şamil olunur. Onlar da azadlığa qovuşana qədər ölkənin seçki həyatında iştirak edə bilmirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG