Böyük Avropa ölkələrinin liderləri maliyyə institutlarına dəstək üçün birgə tədbirlər görəcək, amma ümumi xilas fondu yaradılmayacaq.
Bunu Fransa prezidenti Nikola Sarkozi liderlərin Parisdə keçirilmiş görüşündən sonra deyib. Qlobal iqtisadi böhrana həsr olunmuş sammitdə Fransa, Böyük Britaniya, Almaniya və İtaliyanın liderləri, Avropa Mərkəzi Bankının rəhbəri iştirak edib.
Sarkozi deyib ki, Avropa Birliyinin büdcə qaydaları yeni vəziyyətə uyğunlaşdırılacaq.
Böyük Britaniyanın Baş naziri Qordon Braun isə bildirib ki, sammit iştirakçıları kiçik biznesə kömək üçün Avropa fondlarından təcili 32 milyard avro istəmək qərarına gəliblər.
Bundan bir gün öncə Amerika Konqresi ölkənin maliyyə sisteminə yardım üçün hökumətin təklif etdiyi 700 milyard dollarlıq yardım paketini qəbul edib.