Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:49

«Ölkədə un böhranı yaranacaq»


«Taxılın qiymətinin qalxması qaçılmazdır»
«Taxılın qiymətinin qalxması qaçılmazdır»
«Bizim yol» qəzeti:

Artıq bir neçə gündür ölkənin Qərb regionunda un qıtlığı yaranıb…

«Bizim yol» qəzetinin Qərb bölgəsi üzrə əməkdaşları problemin səbəbini araşdırmağa çalışıb. Araşdırma zamanı olduqca maraqlı səbəblər üzə çıxıb... Yerli icra hakimiyyəti istehsalçılara qəti tapşırıq verib ki, seçkilərə qədər unun və taxılın qiyməti dəyişməməlidir. Taxılı kifayət qədər yüksək qiymətə alan dəyirmanlar isə kisəsi 21 manata un istehsal etmək istəmirlər...

Dəyirmanların istehsalı azaltması onlarla müştərək işləyən çörək sexlərinin fəaliyyətində də ciddi problemlər yaradıb. Araşdırma zamanı məlum olub ki, əksər çörək sexlərinin istehsalı yarıya qədər azalıb. Bu isə öz növbəsində, şəhərdə çörək qıtlığına səbəb olub. Artıq axşam saatlarında Gəncədəki ticarət mərkəzlərinin əksəriyyətində çörək tapmaq müşkülə çevrilib.

«Ərəboğlu» şirkətində çalışan adının çəkilməsini istəməyən məsul əməkdaş deyib ki, seçkidən sonra unun qiymətində böyük sıçrayış gözlənilir. Çünki taxılın qiymətinin qalxması qaçılmazdır, bu isə unun kisəsinin 40 manata qədər bahalaşacağına şübhə yeri qoymur.



«Ekspress» qəzeti:

Oktyabrın 3-də naməlum haker Azərbaycanın bir sıra dövlət strukturlarının İnternet-saytlarına hücum edib.

«Ekspress»in redaksiyasına özünü «Deutsch1988» kimi təqdim edən həmin hakerdən «Bu da bizim millət!» başlıqlı məktub daxil olub.

«Nəyə görə mən xaricdə təhsil ala bilmirəm? Çünki pulum yoxdur və müəllimlər məni dirəyib pul istəyirlər... Axı mənim nə günahım var ki, məndə pul yoxdursa. Məcbur qalıb öz sözümü dövlət saytlarını «hak»lamaqla dedim!!!», - deyə məktubda bildirilir.

İnternet saytları hücuma məruz qalan dövlət strukturları bu hadisə ilə bağlı konkret açıqlama verə bilməyiblər. «Deutch1988»in hücumu ilə bağlı «Ekspress»in suallarına yalnız «müvafiq orqanlara müraciət etmişik, araşdırma aparılır» cavabı verilib…

Hələlik yalnız onu deyə bilərik ki, hücum Azərbaycandan olsa da, Avropa ölkələrindən birində yerləşən proksi-serverlərdən istifadə olunub. Hakerin özünü «Deutch1988» kimi təqdim etməsi onun 21 yaşlı olmasını düşünməyə əsas verir.

«88» rəqəmi hakerlər arasında çox populyardır və iki şaquli sonsuzluq işarəsi olaraq İnternet məkanının slenqində «məni tapa bilməzsiniz - sonsuzluğa qədər əlləşsəniz də» mənasını verir…



«Yeni Azərbaycan» qəzeti:

İsveçdə İnternet vasitəsilə «Son 20 ilin ən bacarıqlı və tam mənada siyasi şəxsiyyəti» mövzusunda keçirilən İnternet sorğunun nəticələri açıqlanıb.

Bir həftə davam edən və 4 minədək isveçlinin qatıldığı sorğunun nəticələrinə əsasən, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev dünyamiqyaslı 20 tanınmış siyasi xadimdən biri olub.

Sorğunu İsveçin «SistaDagen» qəzeti təşkil edib.
XS
SM
MD
LG