Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 18:03

İqbal Ağazadə debatı niyə yarımçıq tərk edir?


Prezidentliyə namizəd İqbal Ağazadə
Prezidentliyə namizəd İqbal Ağazadə
Dinlə

Artıq İctimai Televiziyada (İTV) prezidentliyə namizədlərin 7-ci debatı başa çatıb. Teledebatlar üçün həftənin ikinci, dördüncü və altıncı günləri təxminən bir saat efir vaxtı ayrılıb. Hər namizədin fikrini seçiciyə çatdırmaq üçün 8 dəqiqə 35 saniyəsi var. Saat 18.50-də başlayan debatlar tamaşaçı auditoriyası toplaya bilibmi? Sualımıza Bakı sakinlərindən cavab istədik:
- Vaxtım yoxdur baxmağa.
- Baxıram.
- Hansı çıxış yadınızda qalıb?
- Bibarçılıqdır. Efirdə bir-birilərini təhqir edirlər.
- Mən həmin vaxt işdə oluram.
- Axşam versəydilər, yenə baxmaq olardı.
Seçki məsələləri üzrə ekspert Hafiz Həsənov teledebatların efir vaxtının əlverişsiz seçildiyini deyir:
- Seçilən vaxt uğursuzdur, adamlar həmin vaxt işdən evə gəlirlər.
H.Həsənov deyir ki, İTV-dəki debatı müzakirə verilişi saymaq olmaz. Onun fikrincə, burda namizədlər qoyulan məsələ barəsində müzakirə aparmır, sadəcə, öz fikirlərini seçiciyə çatdırırlar:
- Dəyirmi masanın arxasında olsalar da, hər biri tək-tək danışır, heç bir müzakirə aparmır.
Bu teledebatda namizədlər və vəkilləri onlara ayrılan vaxtı bir neçə yerə bölsələr də, prezidentliyə namizəd İqbal Ağazadə 8 dəqiqə 35 saniyəsini birdəfəlik danışır və sonra da studiyanı tərk edir. İ.Ağazadə bu addımının etiraz kimi qiymətləndirilməsini istəyir:
- Mən MSK-da olanda da dedim ki, seçiciylə ünsiyyət forması seçimini özümüzə versinlər. Amma onlar debata üstünlük verdilər. Ona görə də etiraz olaraq debata qatılmıram. Öz sıramı gözləyirəm. Vaxtım çatanda danışıb studiyanı tərk edirəm.
Teletənqidçi Qulu Məhərrəmli də deyir ki, bunu formal cəhətdən debat adlandırmaq olar, məzmun baxımından isə yox. Onun fikrincə, bu debatlarda heç bir prinsipial məsələlərin qoyulmaması, fikir ayrılığının olmaması namizədlərin debatlarına ictimai maraq yarada bilməyib:
- Debat odur ki, ictimaiyyəti maraqlandıran məsələlər müzakirə olunsun. İctimaiyyətə mesajlar ötürülsün. Sosial-iqtisadi problemlərin həllinə yanaşmalar olsun. Bu, yoxdur, ona görə də ictimai maraq da yoxdur. Bu, nə İTV-nin, nə də MSK-nın günahıdır. Budəfəki seçkilər belə gətirib.
İTV-nin Mətbuat Xidmətinin rəhbəri Tahir Məmmədov isə deyir ki, onlar debat formasına əməl edirlər, amma namizədlərin bu vaxtdan necə istifadə etməsi onların şəxsi işidir:
- Namizədlər onlara verilən vaxtı sərbəst bölə bilərlər. Onlar əgər müzakirə aparmırlarsa, ittihamlara cavab vermirlərsə, bu, nə İTV-nin, nə də jurnalistin mövqeyilə bağlıdır. Formata da aidiyyəti yoxdur.
Oktyabrın 4-də növbəti debat olsa da, İTV-nin saytında bu barədə məlumat yerləşdirilməyib. Ancaq saytda ABŞ-da prezident seçkisində yarışan namizədlərin debatları barədə məlumat oxumaq olar.
T.Məmmədov deyir ki, yerli teledebatlar barədə radio və televiziyada məlumat verirlər. O ki qaldı debatların efir saatına, Tahir Məmmədov deyir ki, bu vaxt əvvəldən İTV-də müzakirə saatları, tok-şoular üçün ayrılıb və tamaşaçı auditoriyası arasında populyar vaxt sayılıb. Ona görə də MSK və namizədlərlə razılıq əsasında bu efir saatını seçiblər.
Söhbət etdiyimiz bəzi namizədlər isə teledebatın efir saatından narazı qaldıqlarını bildirdilər. Bəzi ekspertlərsə hesab edilər ki, prezidentlik yarışına qatılmış namizədlərin əksəriyyəti hakimiyyət iddiasında olmasa belə, iqtidar teleefirdən öz ünvanına hər hansı tənqidi fikir eşitmək istəmədiyi üçün debatın efir saatını məhz bu vaxta salıb.
XS
SM
MD
LG