Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

«Parlament demokratiyasını 1993-cü ildə güllələdilər»


Rusiyada Konstitusiya böhranı, 1993
Rusiyada Konstitusiya böhranı, 1993
On beş il əvvəl, oktyabrın ilk günlərində o zamankı prezident Boris Yeltsinin göstərişi ilə Rusiya parlamenti tank atəşinə tutuldu. Rəsmi məlumatlara görə, həmin vaxt 150-yə yaxın adam həlak oldu. 1993-cü il oktyabrın 4-ü günün axırında Yeltsinə müxalifətdə olan parlamentin sədri Ruslan Xasbulatov və vitse-prezident Aleksandr Rutskoy həbs olundu. Yeltsin yeni parlament seçkiləri və referendum keçirilməsi barədə fərman verdi. Həmin ilin dekabrında keçirilən parlament seçkiləri və yeni Konstitusiyanın təsdiqinə dair referendumla prezidentin səlahiyyətləri artırıldı. Rutskoyla Xasbulatov isə 1994-cü ildə azad edildilər.


Nə baş vermişdi? Əlbəttə, hadisəyə tərəflərin öz qiymətləri var. O zaman prezident Yeltsinin rəhbərlik etdiyi icra hakimiyyəti strukturları ilə parlamentin spikeri Ruslan Xasbulatov və vitse-prezident Aleksandr Rutskoyun rəhbərlik etdiyi qüvvələrin qarşıdurmasını «Konstitusiya böhranı» adlandırırdılar. Prezident parlamentdəki çoxluğu ölkədə demokratik islahatlara mane olmaqda, parlament isə prezidenti Konstitusiyaya zidd addımlar atmaqda günahlandırırdı. O zaman parlamentə rəhbərlik edən Ruslan Xasbulatov «Azadlıq» radiosuna verdiyi müsahibəsində 1993-cü ilin oktyabr hadisələrini Rusiyada parlamentarizmin güllələnməsi kimi qiymətləndirir:

Ruslan Xasbulatov və Aleksandr Rutskoy, 1 oktyabr 1993
«Parlament demokratiyası öldü, onu 1993-cü ildə güllələdilər. Yeni dövlət quruluşunun və Konstitusiyanın xüsusiyyəti məhz budur».

Ruslan Xasbulatov Rusiyanın indi üzləşdiyi problemlərin əksəriyyətinin kökünü on beş il əvvəlin oktyabr hadisələrində görür. Onun fikrincə, o zaman parlamentin gülləbaran edilməsinin nəticələri indi də bitməyən Çeçenistan müharibəsi, Qafqazdakı müharibələrdir, cəmiyyətdə müharibə, düşmənçilik əhvalının güclənməsidir:

«1993-cü ilin nəticələri ağır oldu. İndi onun pis nəticələrini və yaxın gələcəyə təsirini geri qaytarmaq mümkün deyil. 1993-cü il və onun nəticələrini qısaca belə xarakterizə etmək olar».

Xasbulatov deyir ki, o zaman Boris Yeltsini müdafiə edən Qərbdə 1993-cü ilin oktyabr hadisələrinin Rusiya cəmiyyətinə sarsıdıcı təsiri barədə hələ də doğru-dürüst məlumat yoxdur. Və bu problemlər indi Rusiyanın özündə də müzakirə edilmir.

1993-cü ilin oktyabr hadisələri zamanı Moskvada olan Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə isə hesab edir ki, əslində 15 il əvvəl baş verənlər qeyri-hüquqi mühitdə davranış idi. Həmin vaxt parlamentdəki kommunist çoxluğu Yeltsin hakimiyyətini, dövlət aparatını iflic etmişdi. Xasbulatovdan fərqli olaraq, Hikmət Hacızadə düşünür ki, indi Rusiyada baş verənlər Yeltsinin demokratik islaharları sona çatdıra bilməməsinin nəticəsidir:

«İndi Rusiyada baş verənlər Yeltsinin o zamankı addımı ilə bağlı deyil, Rusiyanın özünün dərində olan mahiyyəti ilə əlaqəlidir. Yeltsinin islahatları sona qədər gedib çıxa bilmədiyi üçün Xasbulatov kimi düşünənlər, cürbəcür «KQB» generalları qələbə çaldılar. Və Putini hakimiyyətə gətirdilər. İndi də görünür ki, cəmiyyət onları dəstəkləyir. Əfsus ki, Yeltsin öz islahatlarını axıra qədər apara bilmədi. Çünki cəmiyyət ona müqavimət göstərirdi».

Bu da 1993-cü ilin oktyabr hadisələrinə Bakıdan ekspert Hikmət Hacızadənin verdiyi qiymət idi. O hadisələrə ki, Rusiyanın özündə kimi ona «Konstitusiya böhranı», kimi «silahlı hakimiyyət çevrilişi», kimi də «demokratiyanın qurtuluşu» kimi qiymət verir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG