Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:31

«Hər işçiyə 10 seçici öhdəliyi»


Sumqayıtdakı Sintez-Kauçuk Zavodu
Sumqayıtdakı Sintez-Kauçuk Zavodu
«Azadlıq» qəzeti:

Sintez-Kauçuk Zavodunda çalışanların üzərinə qəribə bir öhdəlik qoyulub. Hər işçi səsvermə günü yaşadığı ərazidəki seçki məntəqəsinə özündən başqa daha on nəfər seçici gətirməlidir…

İşçilər deyir ki, təxminən iki həftə əvvəl zavod rəhbərliyi və YAP-ın Sumqayıt şəhər təşkilatının nümayəndələri toplantı keçirib onlara belə tapşırıq veriblər. Tapşırığa əsasən, əvvəlcə işçilər yaşadıqları ərazidəki seçki məntəqələrinə gedərək seçici siyahılarına nəzər salmalıdırlar. Daha sonra yaşadığı ərazidə yaşayanların evlərini qapı-qapı gəzərək insanlarla söhbət aparmalı, onları səsvermə günü seçki məntəqəsinə gedib səs verməyə razı salmalıdırlar.

İşçilərin üzərinə qoyulan vəzifə bununla bitmir. Hər işçinin ən azı on nəfər seçicini gətirəcəyinə əmin olmaq üçün onlardan siyahı tələb olunur. Yəni, zavodun işçiləri seçki məntəqəsinə gətirəcəyi seçicilərin siyahısını bəri başdan rəhbərliyə təqdim etməlidir. Bunun üçün işçilərə cəmi iki həftə vaxt verilmişdi ki, həmin müddət də artıq başa çatıb...


«Yeni Müsavat» qəzeti:

Day.az saytında yer alan siyasi forum seçkilərə qədər fəaliyyətini dayandırıb…

Saytın rəhbəri Elnur Baimov «Yeni Müsavat»a bildirib ki, bunun əsas səbəbi bəzi insanların forumda təxribatçı mövzuları müzakirəyə çıxarmasıdır. Orada bu və ya digər siyasətçilər, prezidentliyə namizədlər barədə təhqiramiz ifadələr işlədilib:

«Biz də məhz bu səbəbdən qərar verdik ki, yarana biləcək başağrısının qarşısını alaq. İndiki halda ən optimal çıxış yolu forumu qapatmaq idi»...

Maraqlıdır, bu, həm də sayta qarşı təxribat cəhdimi olub?

E. Baimov: «Bizimçün hər hansı problem yaratmazdı. Sadəcə, söz-söhbət ola bilərdi ki, seçki müzakirə olunan forumda neqativ məlumatlar yayılır, kimlərsə barədə təhqiramiz ifadələr göndərilir. Anonim istifadəçilərin təhqir dolu sözlərinə görə biz cavabdeh olmaq istəmirik. Bu addımımızın arxasında başqa səbəb yoxdur»...


«Azərbaycan» qəzeti:

Prezident İlham Əliyev sentyabrın 26-da Saatlı rayonunda biyan məhsulları istehsalı zavodunun istifadəyə verilməsi mərasimində iştirak edib...

Rayonun Gomuşçu kəndi ərazisində yerləşən zavodun smeta dəyəri 6.5 milyon manatdır. Zavodun istehsal gücü ildə 200 min ton yaş biyanı emal etməyə imkan verəcək. Burada biyan tableti, biyan turşusu və biyan balı (ekstratı) istehsal olunacaq.

Hazırda 450 nəfərə yaxın işçi çalışır, gələcəkdə tam gücü ilə işlədikdə isə bu rəqəm 1500-ə çatacaq.

Zavodda Almaniya, İtaliya, İran və Çin istehsalı olan avadanlıq quraşdırılıb.


«Mərkəz» qəzeti:

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü ilə bağlı olaraq orta məktəblərdə müəllimləri təbrik etmə prosesinə start verilib. Hər il olduğu kimi, bu il də müəllimlərin peşə bayramı ilə bağlı şagirdlərdən pul yığılır.

Paytaxt məktəblərində şagirdlərdən ən aşağısı 10 manat pul tələb edilir. Paytaxtın mərkəzində yerləşən məktəblərdə isə Müəllim Günü ilə bağlı yığılan pulun məbləği 20-50 manat arasındadır. İmkanlı, xüsusilə də övladları birinci və onbirinci sinifdə oxuyan valideynlər arasında 100 manatından keçənlər də var...

Yığılan pullar təkcə müəllimlərə çatmır, onlar da öz növbəsində zavuç və direktorları «görürlər». Əks-təqdirdə həmin müəllim işini itirə bilər.

«Mərkəz»in məsələyə münasibətini öyrəndiyi Bakı şəhər Baş Təhsil İdarəsinin şöbə müdiri Zəminə Əliqızı bildirib ki, onlara da bu barədə xəbərlər çatır:

«Ancaq həmişə olduğu kimi, edilən bütün zənglər anonimdir. Bu üzdən də biz heç nə edə bilmirik. Valideynlər zəng edib uşaqlarından pul alındığını deyirlər. Müəllimin adını soruşduqda, gizlədirlər. Bu da rüşvətxoru aydınlaşdırmaqda çətinlik yaradır»...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG