Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 01:08

Nəqliyyat böhranı necə həll olunur?


«Yollar düzəldilməli, küçələrə girən tikintilər, digər maneələr götürülməlidir»
«Yollar düzəldilməli, küçələrə girən tikintilər, digər maneələr götürülməlidir»
Artıq neçə gündür Nəqliyyat Departamenti marşrutlarda reydlərə başlayıb. Kiçik tutumlu avtobusları yığıb onların əvəzinə paytaxtın küçələrinə iri tutumluları buraxır. Ümumən götürəndə bu proses gözlənilən olsa da, onun necə həyata keçirilməsi sərnişinlər üçün arzuedilməz olub. Bakının xüsusən mərkəzi küçələrində avtobus gözləyən vətəndaşlar xeyli vaxt itirdiklərini deyirlər.

Metronun Nizami stansiyasının yanındakı dayanacaqda avtobus gözləyən vətəndaşlarla söhbət edirik. Onlar gün ərzində xeyli vaxt itirdiklərini bildirirlər. Vətəndaşlar hesab edir ki, avtobuslar arasındakı interval xeyli artıb. Dəyişikliyin yaxşı olduğunu, ancaq fasilələrin kiçildilməsinə ehtiyac yarandığını deyənlər də var. Böyük avtobusların şəhərin küçələrində tıxaclar yaradacağını düşünənlər də...

Mərkəzi küçələrdə sürücüsü ilə söhbət etmək üçün kiçik tutumlu marşrut avtobuslar axtarsaq da tapa bilmədik. Orta tutumlu avtobusun sürücüsü İlham isə bizimlə söhbətdə bu dəyişikliyi müsbət dəyərləndirdi.
Dedi ki, vətəndaşların düşdüyü vəziyyət müvəqqəti çətinlikdir. Kiçik tutumlu avtobusların yığışdırılması şəhərdə tez-tez rast gəlinən tıxacları azaldacaq.

Nəqliyyat Nazirliyinin katibliyinin rəhbəri Namiq Həsənov isə deyir ki, bu proses sona qədər davam etdiriləcək:

«Kimlərsə narazı qala bilər, amma böyük bir kütlənin rahatçılığını təmin etmək üçün bu proses getməlidir».

Nəqliyyatçıların problemlərinin həllinə yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov isə deyir ki, onlar da bu məsələ ilə bağlı reydlər aparıblar. Qənaətləri belədir ki, son iki gün ərzində vətəndaşlar üçün süni problemlər yaradılıb: «Nəqliyyat Nazirliyi tıxaclar məsələsini əsas gətirib bu addımı atır. Ancaq böyük avtobusların özlərinin şəhərin mərkəzində idarə edilməsi də problemdir. Çünki, şəhərin küçələri bu cür maşınların rahat hərəkəti üçün yararlı deyil».

Onun sözlərinə görə, Bakı şəhərinin nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısının sərəncamı var. Həmin sərəncamdan irəli gələn tədbirlər planında 32 bəndən ibarət tapşırıqlar var. Həmin tapşırıqlar kompleks şəkildə həyata keçirilməlidir. Yəni təkcə marşrutlara yeni və böyük tutumlu avtobuslar buraxmaqla kifayətlənmək yox, həm də küçələri onların rahat hərəkət etməsi vəziyyətinə gətirmək lağımdır:

«Yollar düzəldilməli, küçələrə girən tikintilər, digər maneələr götürülməlidir. Əgər bu və digər addımlar atılmasa sərnişinlər getdikləri yerə vaxtında çata bilməyəcəklər. Vəziyyət yenə bərbad hala düşəcək».

Mütəxəssislər deyir ki, Bakıda tramvay və trolleybus xidmətlərindən artıq xeyli vaxtdır ki, istifadə olunmur. Metro stansiyaları isə şəhərdəki əhalinin hərəkətini tam təmin edəcək qədər deyil. Ona görə məhz avtobusların marşrutlarda intensiv və sərbəst hərəkətinin təminatı kifayət qədər əhəmiyyətli məsələdir.
XS
SM
MD
LG