Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:59

Xaosdan qaydaya!


İndi də əsrin ən böyük layihəsi NATO-dur. Ondan yan keçmək olmaz!
İndi də əsrin ən böyük layihəsi NATO-dur. Ondan yan keçmək olmaz!
Dünya çoxdan öz məhvərindən çıxıb. Soyuq müharibə vaxtı bir aydınlıq var idi. Sonrakı dövrdə ilk baxışda hər şey sadələşdi, amma əslində dünyada məchulluq artdı. Yenidən aydın olur ki, indi dünyanın heç bir vaxt olmadığı kimi dəqiq prinsiplərə və meyarlara ehtiyacı var, çünki soyuq müharibənin ancaq böyük istehkamları uçub. Bəlkə də dünyanı prinsipsizlikdən, qaydasızlıqdan çıxmağa qoymayan köhnə «dinc yanaşı yaşama» siyasətidir. Köhnə sovetoloqlar bunu «geosiyasi plüralizm» adlandırdılar. Bu anlamda dünyanın güc müstəvisində bölgüsü var idi. Güc sektorlarına, zonalarına bölünmə... İndi dünya bunun ağrısını çəkir.

BMT-də aparılan son müzakirələr dünyanın ideal nizamdan nə qədər uzaq olduğunu sübut etdi. Dünya vədlərlə və istisnalarla yox, qaydalarla idarə olunmaq istəyir. Qaydanı hər şeydə axtarmaq lazımdır. Niyə görə dünyanın yarısını tutan Rusiya nəzərlərini Gürcüstanın və yaxud Ukraynanın kiçik torpaqlarına dikməlidir? Niyə görə yüz illiklərlə tarixi olan dövlət «özünəməxsus inkişaf», «effektiv dövlətçilik», «suveren demokratiya» deyib durmalı və bunu başqalarına ixrac etməyə cəhd etməlidir? Niyə görə keçmiş SSRİ-nin bəzi kiçik dövlətləri müstəbid rejimlərə çevrilməli, dünya birliyi də buna göz yummalı və hər yeni seçkini «demokratiya istiqamətində böyük» addım hesab etməlidirlər. Bu hesabla indi biz harada olmalı idik? Axı biz irəliləmirik, ildən-ilə Qərbdən və Qərb dəyərlərindən uzaq düşürük. Deyirlər k, prosesləri sürətləndirmək olmaz? Bəs onları süni şəkildə ləngitmək olarmı? Heç kim iddia edə bilməz ki, hələ hansısa xalq demokratiyaya hazır deyil, bunu müəyyənləşdirən meyar, tərəzi yoxdur. Demokratiyanın sınağı həyatın özüdür, insanlar mübahisə edə-edə, çarpışa-çarpışa, gec-tez düzgün həll yolunu tapırlar. Demokratiya budur.

Axı biz irəliləmirik, ildən-ilə Qərbdən və Qərb dəyərlərindən uzaq düşürük. Deyirlər k, prosesləri sürətləndirmək olmaz? Bəs onları süni şəkildə ləngitmək olarmı?
Dünya sanki iki ziddiyyətli alyans qarşısında dayanıb. Bir tərəfdə NATO, o biri tərəfdə Rusiyadır. Rusiyaya NATO-ya üzv olmaq təklif olundu? Bəs əvəzində Rusiya nə istədi? Xüsusi status! Yenə də istisnalar! Fərq göz önündədir. NATO üzvlərini, Rusiyanın müttəfiqlərini müqayisə edin. Bir tərəfdə demokratiya və inkişaf, o biri tərəfdə isə gerilik. Ortalıqda neytral qalıb «müstəqil siyasət» yürütmək istəyənlər də var. Bir tərəfdən deyirlər ki, AvroAtlantika məkanına inteqrasiya etmək istəyirik. O biri tərəfdən bunu məramla, sənədlə təsdiq etmək istəmirlər. Düzdür, Milli Təhlükəsizlik Konsepsiyasında AvroAtlantika məkanına inteqrasiya istəyi öz əksini tapıb. Deməli, bir qədər də irəli getmək lazımdır. Azərbaycan elə geosiyasi zonada yerləşib ki, neytral dövlət statusunu saxlamaq çox çətindir. Məgər Rusiyanın əhatəsində neytral dövlət olmaq olar?

Biz dövlətlərin rəğbətini qazanmağa çalışmalıyıq. Bunun üçün isə özümüzün demokratik bir toplum olduğumuzu sübut etməliyik. İnsan haqları və demokratiya – budur qurtuluş! Dünya üçün əhəmiyyətli, maraqlı olmaq hələ sevimli olmaq demək deyil. Gürcülər özlərini sevdirə bildilər. Yox, Gürcüstanda da heç də hər şey ideal deyil. Amma demokratiyaya və müstəqilliyə can atım var. Dünya dövlətləri bunu görür və qiymətləndirirlər.

Bizi isə qaydasızlıq və xaos cəlb edir. Elə gəlir ki, qaranlıqda bizi görmürlər. Yox, hər şey aydın görünür. Hətta bizim seçkilər də.

Qaydalar cəmiyyət üçün də önəmlidir. İngilislər deyir ki, istənilən qayda qaydasızlıqdan yaxşıdır. Qayda olan cəmiyyətdə vətəndaş hakimiyyətin davranışını proqnozlaşdıra bilir. Əks təqdirdə isə bu, olmur. Məhkəmə sürprizləri bununla bağlıdır. Biz məhkəmələrdən bir qərar gözləyirik, onlar isə tamam başqa qərarlar verir.

Dünya öz nizamına yaxınlaşacaq. Sadəcə, biz bu prosesdən geri qalacağıq.

Böyük layihələrdə iştirak etmək həmişə inkişaf gətirib. Tarix də bunu sübut edir. İndi də əsrin ən böyük layihəsi NATO-dur. Ondan yan keçmək olmaz!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG