Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:53

Azərbaycanda işsizlərin yarısını gənclər təşkil edir


İsmayıllıda işsizlər, 3 aprel 2008
«Mənim dayım yox, əmim yox, ona görə də işə qəbul eləmirlər. Bir də nə maaş verir ki…100-200 manat. Onunla ailə dolandırmaq olar?!»

Bu, bir gənc taksi sürücüsünün dedikləridir. O, taksi sürməsindən şikayətçi deyil. Deyir ki, taksi sürməklə də yaşamaq olar. Amma fikirləşir ki, onda bəs ali təhsili niyə alıb? Əslində bu sualın cavabı da ona bəllidir. Deyir ki, təhsil almışam ki, sənət sahibi olum və bu sahədə işləyim:

«Amma bunun üçün bir xeyli pul və arxa lazım olduğundan maşının üstünə taksi işarəsi qoyub çörəkpulu qazanmağa başlamışam».

Gənclərin məşğulluğu sentyabrın 24-də Bakıda keçirilən Azərbaycan dünya gənclərinin 4-cü məşğulluq sammitində də müzakirə edilib. Dünyanın 70 ölkəsindən 600-a yaxın nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanda gənclərin məşğulluq səviyyəsinin kifayət qədər qənaətbəxş olduğu bildirildi. Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Səmayə Məmmədova deyir ki, bu sammitdə bir araya gələn ölkələr gənclərin işlə təmin olunması sahəsində təcrübələrini bölüşə və bir-birindən öyrənə biləcəklər:

«Məqsəd odur ki, müxtəlif ölkələrdən dəvət olunan ekspertlər, nazirlər öz ölkələrində işsizliklə bağlı həyata keçirdikləri layihələri bizə təqdim etsinlər. Sammitin yekununda böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulub».

Sammitdə öz təcrübəsini bölüşmək istəyən dövlətlərin əksəriyyəti də Afrika ölkələrinin nümayəndələri idi. Kamerundan gəlmiş Dipa Mbosso deyir ki, onun ölkəsində gənclərin 70 faizi işləmir:

«Cavan oğlanlar daha çox əzab çəkirlər. Çünki onların əksəriyyəti məktəbə getmir. Yetkinlik yaşına çatmış oğlanların çoxu həbsxanaya düşür. Ölkədə kasıbçılıq olduğundan onlar ac qalmamaq üçün oğurluq edirlər. Əlbəttə, işləmək istərdilər, amma iş yoxdur».

İqtisadçı Vüqar Bayramov deyir ki, Azərbaycan daha yaxşı olardı ki, Avropa ölkələrinin təcrübəsini öyrənsin, nəinki digər inkişaf etməkdə olan ölkələrin. O bildirir ki, ölkədəki neft bumunun gənclərin işlə təmin olunmasına müsbət təsirini danmaq olmaz, ancaq bu sahədə bir sıra nüanslar var:

«Dövlət sektorunda gənclərin işlə təmin olunması çox aşağıdır. Bu, onunla bağlıdır ki, özəl sektordan fərqli olaraq dövlət sektorunda işlə təmin olunmaq üçün hökmən müəyyən qeyri-rəsmi ödənişlərin edilməsinə ehtiyac var. Həmin gəncin kimsə tərəfindən himayə olunması da vacibdir».

Azərbaycanda gənclərin iş tapmasının asan və ya çətin olması ilə bağlı Bakıda söhbətləşdiyim gənclərin dedikləri isə belə oldu:

- İşə düzələndə savada baxmırlar.

- Savadlı kadrdırsa, iş tapa bilər.

- İşə düzəlməyə pul lazımdır.

- İş tapılsa da, ora düzəlmək üçün rüşvət istəyirlər.

- Gənclərin özündən də çox şey asılıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məşğulluq idarəsinin rəis müavini Şahbaz Xələfov deyir ki, bu ilin avqust ayına qədər olan statistik rəqəmlərə görə, ölkədə 45 min, qeyri-rəsmi rəqəmlər görə isə 280 minə yaxın işsiz var. Onların da düz yarısını 16-29 yaş arasında olan gənclər təşkil edir. Onun sözlərinə görə, işsizlər arasında gənclərin sayı əhalinin digər qruplarından çoxdur.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG