Sentyabrın 24-dən etibarən Nəqliyyat Nazirliyinin Dövlət Avtonəqliyyat Xidməti Bakı şəhərinin mərkəzinə aztutumlu sərnişin avtobuslarının daxil olmasını məhdudlaşdırıb. Məhduduyyət marşrutda hərəkər edən bir neçə yüz avtobusa tətbiq olunub. Nəticədə şəhər kənarından mərkəzə və əks istiqamətdə sərnişinlərin hərəkətində ciddi çətinliklər yaranıb.
Məsələ ilə əlaqədar Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov «Turan»a bildirib ki, marşrut sahibləri dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, hələ də orta və iri tutumlu avtobuslara keçmirlər. Bu isə şəhərin mərkəzində hərəkətin sıxlığının artmasına səbəb olur. Şəhərətrafı marşrutlar istisna olmaqla, daxili marşrutlarda orta və iri tutumlu avtobuslara keçidi 2009-cu ildə yekunlaşdırmaq nəzərdə tutulur.
Hazırda Bakıda təxminən 5000 sərnişin avtobusu var. Onların böyük əksəriyyəti aztutumlu (15 nəfərlik) avtobuslardır.
Tətbiq edilmiş qadağa nəticəsində bir çox şəhər sakinləri çətin vəziyyətə düşüb və işə gecikib.