Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 17:58

«Hakimiyyət korrupsiya piramidasının üzərində qurulub»


«Avtoritarizmin inkişafı korrupsiyanın çiçəklənməsinə yol açır»
«Avtoritarizmin inkişafı korrupsiyanın çiçəklənməsinə yol açır»
«Korrupsiya Azərbaycanda dövlət idarəetməsinin məzmununu təşkil edir. Əslində Azərbaycanda indiki hakimiyyət korrupsiya piramidasının üzərində qurulub».

Bunu «Transparency International» beynəlxalq şəffaflıq təşkilatının dünyada korrupsiyanın vəziyyətinə dair illik hesabatına münasibət bildirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyir. Ə.Kərimli hesab edir ki, Azərbaycanda həm dövlət büdcəsinin, həm də xalq əmlakının olduğu bütün sahələri korrupsiya bürüyüb. Onun sözlərinə görə, ölkəyə gələn böyük neft pulları infrastrukturların yaradılması adı altında mənimsənilməkdədir. AXCP sədri deyir ki, bu prosesdən hakimiyyətin yuxarı eşalonunun xəbərsiz olması haqda təsəvvürlər yanlışdır:
«Avtoritarizmin inkişafı korrupsiyanın çiçəklənməsinə yol açır. Müstəqil parlamentin, müstəqil məhkəmənin olmadığı, mətbuatın, ictimai fikrin sıxışdırıldığı və siyasi plüralizmin inkişaf etmədiyi ölkələrdə az oğurla deyən də az olacaq».

Azərbaycan İqtisad Universitetinin rektoru, prezidentliyə namizəd İlham Əliyevin vəkili Şəmsəddin Hacıyev isə hesabatdan çıxan nəticələrlə razılaşmır. O, hakimiyyətin korrupsiya piramidası üzərində qarar tutması fikrini də absurd sayır:

«Son vaxtlar Azərbaycanda bu sahədə həm institusional şəkildə, həm də təşkil olunmuş formada böyük işlər görülür. Mən o deyilən nəticələrlə razılaşmıram».
İndi isə görək sadə vətəndaşlar necə hesab edir; son illər ölkədə korrupsiyanın səviyyəsi artıb, yoxsa azalıb?
- Daha da artıb. Hərbi komissarlıqlardan tutmuş, bütün sahələrə qədər. Mənim yaşım 35-dən çoxdur. Çağırıb məndən pul aldılar.
- Məncə, azalıb. İndi rüşvətsiz işə girmək olur.
- Artıb, bütün sahələri bürüyüb. Bu məişətdə bir növ normaya çevrilib.
- Məncə, azalıb. Bax vergi «bir pəncərə» sisteminə keçib.

- Artıb və bu proses dayanmaq bilmir.

Bu yaxınlarda Dünya Bankının «Biznes mühit-2009» adlı yaydığı hesabatda qeyd edilirdi ki, Azərbaycan biznes sahəsində islahat aparan lider ölkədir. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev deyir ki, Dünya Bankının hesabatı ilə beynəlxalq şəffaflıq təşkilatının hesabatları arasında Azərbaycanla bağlı fərqli nəticələr üzə çıxmasına təbii baxmaq lazımdır. Çünki Dünya Bankı dünyada biznes mühitini dəyərləndirərkən korrupsiya amilini nəzərə almamışdı. A.Mehtiyev deyir ki, Azərbaycanda hər bir məmur oturduğu sahədə resurslara nəzarət etmək, onu bölmək işlərini həyata keçirir. Onun fikrincə, indi həyata keçirilən iqtisadi layihələr də əsasən neft pullarının səmərəsiz istifadəsi kimi dəyərləndirilə bilər. Çünki bu layihələrdə onun iqtisadi əhəmiyyəti yox, məmur mənafeyi ön plana çəkilir:
«Böyük korrupsiyanın olduğu ölkələrdə korrupsiyaya qarşı əsas məsələ hakimiyyətin siyasi iradəsinin olmasıdır. Bu siyasi iradə sözdə yox, əməli işdə özünü göstərməlidir».

Azər Mehtiyev deyir ki, əslində Azərbaycanda siyasi iradə olmasa, nə müstəqil parlament, nə də müstəqil məhkəmə hakimiyyəti yaratmaq mümkün olacaq. Belə olan halda bu prosesə ictimai nəzarətin cəlb edilməsi də xəyal olaraq qalacaq.
XS
SM
MD
LG