Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:43

Prezidentliyə namizəd prezident…


Prezidentin səlahiyyətlərini davam etdirməsi Seçki Məcəlləsi ilə tənzimlənsə də, bu, Konstitusiya ilə ziddiyyət təşkil edir
Prezidentin səlahiyyətlərini davam etdirməsi Seçki Məcəlləsi ilə tənzimlənsə də, bu, Konstitusiya ilə ziddiyyət təşkil edir
«Prezident İlham Əliyevin səlahiyyətlərini davam etdirməsi namizədlər arasında bərabər imkanları pozur».
Prezidentliyə namizəd, «Ümid» Partiyasının sədri İqbal Ağazadə «Azadlıq» radiosuna belə deyir.
Əslində, Seçki Məcəlləsində (SM) ölkə başçısından prezidentliyə namizəd olduğu müddətdə səlahiyyətlərini dayandırmaq tələb edilmir. Halbuki, seçki qanunvericiliyinə görə, onun vəkilləri tutduqları vəzifələrdə öz səlahiyyətlərini dayandırmalıdırlar. Ancaq SM-də o da qeyd edilir ki, prezidentliyə namizəd öz səlahiyyətlərindən imtiyaz və üstünlüklər əldə etmək üçün istifadə etməməlidir. İndi prezidentliyə namizədlərdən bəzilərinin fikrincə, kampaniya müddətində prezidentin maaş və pensiyaları artırması, ayrı-ayrı sənət adamlarını təltif etməsi ona xüsusi üstünlüklər verir.
Namizədlərdən «Ümid» Partiyasının sədri İqbal Ağazadə deyir ki, bunun özü də bərabər imkanlardan danışmağa şərait yaratmır:
«Bu, başqa namizədlərin hüququnu tapdalamağa və özünü seçicilərə daha üstün təqdim etməyə şərait yaradır».

Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev isə İqbal Ağazadənin narazılığına heç bir əsas görmür. M.Quliyev deyir ki, Seçki Məcəlləsində prezidentdən səlahiyyətlərini istər qismən, istərsə də tam dayandırmaq tələb edilmədiyindən bərabər imkanların pozulduğundan danışmaq əsassızdır. Onun fikrincə, prezidentin beş illik uğurlarını kampaniya müddətində verilən bir-iki sərəncama da bağlamaq düzgün deyil:

«Prezident öz səlahiyyətindən o vaxt sui-istifadə edərdi ki, icra orqanlarına göstəriş verərdi ki, mənim xeyrimə seçkinin gedişinə müdaxilə edin. Bu, yoxdur. Yoxsa prezident sərəncamı kampaniya müddətində verdi, sonra verdi, bunun heç bir mənası yoxdur. Heç kim fikrini 5-10 günə dəyişmir».
Hüquqşünas Fuad Ağayev isə deyir ki, prezidentin səlahiyyətlərini davam etdirməsi Seçki Məcəlləsi ilə tənzimlənsə də, bu, Konstitusiya ilə ziddiyyət təşkil edir. Baxmayaraq ki, ölkənin əsas qanununda da seçki prosesində prezidentin səlahiyyətlərini dayandırması qeyd edilməyib:
«Bilirsiniz, əgər orada ümumi də olsa qeyd edilibsə ki, hər bir seçki iştirakçısına - istər seçiciyə, istərsə də namizədə bərabər imkan yaradılmalıdır, onda hər bir namizəd üçün bərabər start vəziyyəti olmalıdır».

Fuad Ağayev deyir ki, əgər hər hansı bir qanun ölkə Konstitusiyası ilə ziddiyyət yaradırsa, həmin qanun əsas kimi götürülə bilməz. Belədə onun fikrincə, Seçki Məcəlləsi keyfiyyətsiz qanun kimi dəyərləndirilməlidir. Fuad Ağayev deyir ki, hüquqi dövlətlərdə belə mübahisəli halları Konstitusiya Məhkəməsi aradan qaldırır. Ancaq o, hesab edir ki, Azərbaycanda bu məhkəmə də müstəqil olmadığından, oradan bu tip məsələlərlə bağlı obyektiv şərh gözləmək əbəsdir.
XS
SM
MD
LG