Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:53

Lövhələrdə yalnız İlham Əliyevin şəkli gözə dəyir</a> <img src="/img/icon-video.gif" border=0 />


Təbliğat lövhələri, 17 sentyabr 2008
Təbliğat lövhələri, 17 sentyabr 2008
Prezident seçkisində namizəd kimi qeydə alınan 7 nəfərin təbliğatı başladı. Qarşıdakı 27 gündə onların öz platformalarını seçicilərə təqdim etmək imkanı yaranıb. Təbliğatın ilk günündə seçki məntəqələrinin qarşısındakı təbliğat lövhələrində yalnız Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevin şəkli gözə dəyirdi. Elə ilk mitinqi də hakim partiya keçirdi. Mərkəzi Seçki Komissiyasının (MSK) prezidentliyə namizədlərin efir düzümü ilə bağlı püşkatmasında isə birincilik Qüdrət Həsənquliyevin oldu. İctimai Televiziyanın bugünkü axşam efirində onun seçicilərə ilk sözünü demək üçün 8 dəqiqə 35 saniyəsi olacaq.

Səhər saatlarında Mənzil İstismar Sahəsi əməkdaşlarının seçki məntəqələrinin qarşısındakı təbliğat lövhələrinə YAP-ın namizədinin şəklini yapışdırdıqlarını gördük. Qanunvericiliyin icra strukturlarının seçkiyə müdaxiləsini qadağan etməsini yada salanda bildirdilər ki, onlar həm də YAP üzvləridir və partiya tapşırığını yerinə yetirirlər.


Prezidentliyə başqa bir namizəd Qulamhüseyn Əlibəylinin seçki plakatları isə hələ hazır deyil. O, əsas sözünü pulsuz efir vaxtında söyləməyə çalışacaq. Dediyinə görə, seçicilərə söyləməyə sözü çox olsa da, imkanları məhdud olduğundan pullu efirə ümid etmir:

«Bizim də plakatlarımız hazırlanır. Biz əsasən KİV-lə işləyəcəyik, pulsuz efir vaxtından istifadə edəcəyik, müəyyən görüşlərimiz olacaq. Ancaq təbii, bizim imkanlarımız hakimiyyətin imkanları ilə eyni deyil».

«Ümid» Partiyasından prezidentliyə namizəd İqbal Ağazadə isə təbliğata «İqtidara ümid etmə, «Ümid»i iqtidar et!» şüarı ilə başlayır. Seçki marafonuna qoşulan BAXCP sədri Qüdrət Həsənquliyev isə təbliğatı konstitusion dəyişikliklər ideyası üzərində qurmaqda qərarlıdır. O, Azərbaycan Respublikasının adının Şimali Azərbaycan Respublikasına dəyişdirilməsini təklif edib. Böyük Quruluş Partiyasının lideri və prezidentliyə namizədi Fazil Qəzənfəroğlu da Konstitusiyada dəyişikliklər edilməsinin tərəfdarıdır:

«Bu platforma 50 suala 50 cavab formasında qurulub. Çox ciddi dəyişikliklər nəzərdə tutulub. Məsələn, biz prezident üsul-idarəsindən parlamentli respublikaya keçidi təklif edirik. Çünki prezidentli respublikada avtoritar meyllərin güclənməsi baş verir. Bütünlükdə siyasi elitanın cəmiyyətdə təmsil olunması üçün isə parlamentli respublikaya keçid vacibdir».

Bakı sakinləri ilə söhbətimizdə isə bəlli oldu ki, onlar namizədlərin çoxunu tanımır. Ya daha çox informasiya aldıqları teleməkanda siyasi verilişlərə az yer verilməsi, ya da bütünlükdə seçki prosesilə maraqlanmamaları səbəbindən:

- Prezidentliyə namizədlərdən kimləri tanıyırsız?

- İlham Əliyevi, Qulamhüseyn Əlibəylini, bir də Qüdrət Həsənquliyevi.

- İlham Əliyevi, Hafiz Hacıyevi, bir də Qüdrət Həsənquliyevi. Təbliğat başlayıb, ancaq şəhərin küçələrində İlham Əliyevdən başqa heç kimin plakatlarını görmədim. Zəif işləyirlər.

- İlham Əliyevi və Xalq Cəbhəsindən Qüdrət Həsənquliyevi tanıyıram.

- İlham Əliyevdən başqa heç kimi tanımıram. Bilirəm ki, 7 namizəd var. Təbliğatda da İlham Əliyevdən başqa heç kimi görmürəm. Seçkiyə də getmək fikrim yoxdur. Çünki əgər mənim səsim seçkinin nəticələrində görünməyəcəksə, o seçkiyə getməyin mənası yoxdur.

- Heç birini tanımıram.

- İlham Əliyevin alternativləri kim olacaq?

- Hamısını tanıyıram. İqbal Ağazadədir, Müsavatın başqanı İsa Qəmbərdir.

- Müsavatın başqanı seçkiyə gedəcək, sizcə?

- Gedəcək.
XS
SM
MD
LG