Avropa Şurası Parlament Assambleyasının Müşahidə Missiyasının rəhbəri Andres Herkel sentyabrın 17-də qurumun Bakı ofisində seçkini boykot edən müxalifət partiyalarının nümayəndələrilə görüşüb.
AXCP sədri Əli Kərimlinin «Azadlıq» radiosuna bildirib ki, Avropa Şurasının nümayəndələri daha çox onların seçkini boykot etməsinin səbəblərilə maraqlanıblar. AXCP sədri deyir ki, onlar öz mövqelərini tam açıqlayıblar:
«İzah etdik ki, hansı situasiya, hansı şərait bizi məcbur edib ki, seçkiləri boykot edək. Bildirdik ki, əslində bizim seçkiləri boykot etməyimiz nəticədir, səbəb ölkədə anti-demokratik vəziyyətin günü-gündən pisləşməsidir».
Görüşdə mətbuatın vəziyyəti, regiondakı problemlər və s. məsələlər ətrafında da müzakirələr aparılıb.
Danışıqlarda həmçinin Müsavat Partiyasının başqanı İsa Qəmbər, Liberal Partiyasının lideri Lalə Şövkət, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov iştirak edib.