Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:38

«Azərbaycan bu qış da Gürcüstanı qazsız qoymayacaq»


Gürcüstan Azərbaycandan daha çox qaz almaq istəyir
Gürcüstan Azərbaycandan daha çox qaz almaq istəyir
«Azərbaycandan Gürcüstana hər gün 1 milyon 500 min kub metrə qədər qaz nəql edilir». Bunu «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Əlixan Məlikov bir-neçə gün əvvəl keçirilən Azərbaycan-Türkmənistan neft-qaz konfransında jurnalistlərə deyib.
Ancaq məlumatlar var ki, Gürcüstan Azərbaycandan daha çox qaz almaq istəyir və hazırda bununla bağlı iki ölkə arasında danışıqlar davam edir.
Ə.Məlikov iki ölkə arasında mavi yanacaqla bağlı müqavilənin yenidən uzadılacağı, həcmin artırılacağı və hansı qiymətlərə Gürcüstana qaz satılacağı barədə hər hansı bir məlumat verməyib. Bildirib ki, «Azəriqaz» bu işdə yalnız nəqledici kimi iştirak edir.
Dövlət Neft Şirkətindən də bu barədə hər hansı məlumat verilmir. Heç bu məlumatları Gürcüstanın Energetika Nazirliyi və Neft-Qaz Korporasiyasından da almaq mümkün deyil. Hər iki qurumun mətbuat xidmətlərindən danışıqların getdiyi bildirilsə də, detallarından məlumatsız olduqlarını deyirlər.
Ancaq APA-nın məlumatına görə, üç gün əvvəl Gürcüstanın Energetika naziri Aleksandr Xetaquri jurnalistlərə qazın həcminin artırılmasıyla bağlı Azərbaycanla danışıqların getdiyini deyib. Gürcüstanın Neft-Qaz Korporasiyasında hesab edirlər ki, Azərbaycanla əməkdaşlıq yüksək səviyyədə olduğundan verilən qazın həcminin artırılacağına inanırlar.
«Turan» İnformasiya Agentliyinin məlumatına görə, danışıqlarda Gürcüstan Azərbaycandan gündəlik qaz nəqlini 2,3 milyon kub metrə qaldırmaq istəyir. Gürcüstanın Neft-Qaz Korporasiyasında deyirlər ki, hazırda onlar yalnız Azərbaycandan qaz alırlar, yerdə qalan tələbatı isə necə gəldi ödəməyə çalışırlar. Korporasiyanın məlumatına görə, ölkənin illik qaz tələbatı 1 milyard 500 milyon kub metrdir. İki ölkə arasında bağlanan son müqaviləyə görə, ötən il Gürcüstana qazın hər min kub metrinin 120 dollara satıldığı bildirilir. Ancaq nə Azərbaycan, nə də Gürcüstan qiymətləri açıqlamaq istəmir. Bəzi məlumatlara görə, Avropaya qaz xeyli baha satıldığından Azərbaycan qonşu ölkəyə qazın həcmini əvvəlki qiymətlə artırmaqda elə də maraqlı deyil.
Digər tərəfdən, Gürcüstana verilən qazın həcminin artırılması «Azərbaycanı Rusiyanın təzyiqlərilə üz-üzə qoya bilər» kimi fikirlərin səslənməsinə səbəb olur. Amma yerli ekspertlər buna o qədər də inanmırlar. Dövlət Neft Şirkətinin sabiq rəhbəri Sabit Bağırov deyir ki, çoxdandır Azərbaycan Gürcüstanın qaza olan tələbatının bir qismini ödəyir.
Bəs, Rusiyanın «Qazprom» şirkəti gələcəkdə Azərbaycan qazını Avropa qiymətlərinə alarsa, onda vəziyyət necə dəyişə bilər?
Sabit Bağırov deyir ki, buna hələ çox var.
Politoloq Rasim Musabəyov isə inanmır ki, Azərbaycan Gürcüstanı bu qış qazsız qoysun. Birincisi, Azərbaycanın enerji resursları dünyaya Gürcüstan vasitəsilə çıxır və Tbilisi buna görə, Azərbaycandan müəyyən faiz güzəştli qaz alır. R.Musabəyov deyir ki, bunu Rusiya da yaxşı bilir. Bu baxımdan da o, hesab edir ki, Rusiya Azərbaycana təzyiq edə bilməz ki, bu ölkəyə verilən qazın həcmini azalt və ya olduğu kimi saxla. Politoloq Azərbaycanın Gürcüstana qaz satışından imtina etməsini qeyri-mümkün sayır:
«Bu, ayrı məsələdir ki, Gürcüstan çox böyük güzəştlər istəyir, amma Azərbaycan heç də həmişə güzəştlərə getməməlidir. Yəni qiymətlərə vəziyyətə uyğun hansısa düzəlişlər ola bilər».
Politoloq Rauf Mirqədirov da düşünmür ki, indiki halda Rusiya qonşu ölkəyə qaz nəqlilə bağlı hansısa təzyiqlər etsin. O, hesab edir ki, hazırkı danışıqlar yalnız qiymətlə bağlıdır.
XS
SM
MD
LG