Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:38

«Exit-poll»a maraq niyə azalıb?


Son parlament seçkilərində isə bir neçə xarici təşkilat «exit-poll» keçirmişdi
Son parlament seçkilərində isə bir neçə xarici təşkilat «exit-poll» keçirmişdi
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası - AVCİYA prezident seçkisində «exit-poll» keçirmək niyyətindədir. Ancaq seçkiyə təqribən bir ay qalsa da, bu məqsədlə həmin təşkilatdan başqa, hər hansı bir yerli və xarici qurum Mərkəzi Seçki Komissiyasına müraciət etməyib.
Son parlament seçkilərində isə bir neçə xarici təşkilat «exit-poll» keçirmişdi. İndi Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası isə yalnız məntəqələrin onda birində «exit-poll» keçirəcəyini bəyan edib. Üstəlik, bu yerli təşkilatın müstəqilliyinə Azərbaycanda şübhələr var. Xüsusilə də müxalifət hesab edir ki, AVCİYA hakimiyyətə yaxınlığı ilə seçilir. Ancaq təşkilatın vitse-prezidenti Vəli Əlibəyli onların obyektivliyinə şübhəni əsassız sayır:
«Biz bu fikirlərə normal yanaşırıq. Azərbaycanda qütbləşmə var. Sən kimdən deyilsənsə, səni özlərinə qarşı bilirlər. Bizim «exit-poll» elmi əsaslarla keçirilir və tamamilə şəffaf olur».
Seçki mütəxəssisi, qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli isə «exit-poll»lara Azərbaycanda marağın azlığını heç də təsadüfi saymır. Onun sözlərinə görə, «exit-poll» təcrübəsi olan nüfuzlu beynəlxalq təşkilatlar başa düşürlər ki, bu seçkidə rəqabət olmayacaq. Ona görə də artıq Azərbaycanda «exit-poll»a lüzüm görmürlər. A.Məmmədlinin deməsinə görə, üstəlik, onlar başa düşürlər ki, indi Azərbaycanda vətəndaşların çoxu nə sərbəst seçim, nə də bu seçimlərini müstəqil ifadə edə bilirlər:

«Exit-poll» o vaxt effekt verir, o vaxt səmərəli olur ki, seçici öz iradəsini sərbəst ifadə edə bilsin. Azərbaycanda isə bu problemdir. Ona görə də istər bir sıra yerli, istərsə də xarici təşkilatlar Azərbaycanda «exit-poll»un səmərə verəcəyinə inanmır».
Əslində indi bəzi prezidentliyə namizədlər də «exit-poll»un keçirilib-keçirilməyəcəyinin fərqində deyillər. Prezidentliyə namizədlərdən «Ümid» Partiyasının sədri İqbal Ağazadə deyir ki, Azərbaycanda bu vaxta qədər keçirilən heç bir «exit-poll» özünü doğrultmayıb. O, bunu əsasən vətəndaşların «exit-poll»da anonimliyin qorunacağına inamının olmaması ilə izah edir:

«Məni indi daha çox narahat edən paralel səs sayma məsələsinin gündəlikdən çıxmasıdır. Paralel səs saymanın daha çox effekti olardı».
Azərbaycanda məhz Seçki Monitorinq Mərkəzi beynəlxalq təşkilatların dəstəyi ilə paralel səs sayma mexanizmini həyata keçirmək istəyirdi. Bu qurumun qeydiyyatının ləğv edilməsi həmin ideyanın gerçəkləşməsinə imkan vermədi. Ancaq bəzi müstəqil ekspertlər düşünürlər ki, «exit-poll» ideyası da paralel səs sayma kimi Azərbaycanda gündəlikdən tam çıxmayacaq. Onlar yaxın günlərdə daha bir neçə yerli qeyri-hökumət təşkilatının Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşəbbüsünə qoşulacaqlarını istisna etmirlər.
XS
SM
MD
LG