Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

A.Rəşidoğlu: «Totalitar rejimlər əməkdaşlığa can atırlar»


Özbəkistan prezidenti İslam Kərimovun Bakıya rəsmi səfəri iki gün davam edəcək
Özbəkistan prezidenti İslam Kərimovun Bakıya rəsmi səfəri iki gün davam edəcək
Sentyabrın 11-də Özbəkistan prezidenti İslam Kərimov Bakıya iki günlük səfərə gəlir. Səfər zamanı iki ölkə rəhbərləri arasında danışıqlar keçiriləcək. Yekun olaraq Azərbaycan-Özbəkistan sənədlər paketi imzalanacaq.

Xüsusən, elmi-texniki, ticarət-iqtisadi, humanitar sahələrdə, ətraf mühitin mühafizəsi və informasiya texnologiyaları sahələrində əməkdaşlıq haqqında sənədlərin imzalanması gözlənilir.

Bundan başqa, iki ölkənin vergi orqanları və ticarət-sənaye palataları arasında qarşılıqlı fəaliyyət haqqında sənədlərin imzalanacağı nəzərdə tutulub. Həmçinin, iki prezidentin birgə bəyanat imzalayacağı gözlənilir.
Əksər siyasi şərhçilər isə bu səfərin görünməyən tərəflərinin də olduğunu deyirlər. «Ayna-Zerkalo» qəzetinin siyasi icmalçısı Azər Rəşidoğlunun fikrincə Azərbaycanla Özbəkistan arasında strateji bağlılıqdan söhbət gedə bilməz. Onun fikrincə bu iki ölkəni bir-biri üçün maraqlı edən oxşar cəhətlər var:

«İstər Özbəkistan, istərsə də Azərbaycan normal xarici siyasət yürüdə bilməyən ölkələrdir. Yəni demokratik ölkələrlə o qədər də sıx əlaqələr qura bilmirlər. Odur ki, totalitar rejimlər öz aralarında əməkdaşlığa can atırlar. Bundan başqa iki ölkənin digər oxşar cəhətləri də var. Müxalifətin, demokratik institutların məhv edilməsi, hər iki ölkədə radikal dini təməllərin baş qaldırması, hər iki ölkənin Avropa ailəsindən kənarlaşdırılması bu ölkələri bir-biri üçün cazibedici edir. Azərbaycan bu tip ölkələrlə əməkdaşlıq etməklə insan haqlarının onun üçün prioritet olmadığını bəyan edir».

Siyasi əməkdaşlıqdan fərqli olaraq Özbəkistanla iqtisadi əməkdaşlığın isə hər iki ölkə üçün əhəmiyyətli olduğu deyilir. Hər halda iqtisadçılar bu fikirdədirlər. Özbəkistan tərəfinin məlumatına görə, 2007-ci ildə iki ölkə arasında mal dövriyyəsi 6,1% artıb və 60,4 mln. dollar təşkil edib. Bu ilin birinci yarısında iki ölkə arasında ticarət münasibətlərinin həcmi 27,7 mln. dollar təşkil edib.

İqtisadçı Vüsal Qasımlı deyir ki, ticarət dövriyyəsini genişləndirməklə yanaşı, Azərbaycan Özbəkistanla digər sahələrdə də əməkdaşlıq edə bilər ki, bu da hər iki ölkənin xeyrinədir. Məsələn, maşınqayırma, avtomobil istehsalı, kənd təsərrüfatından pambıqçılıq, taxılçılıq, üzümçülük və digər sahələrdə əməkdaşlıq faydalı ola bilər. Bundan başqa Vüsal Qasımlının fikrincə iki ölkə prezidentlərinin görüşü zamanı «Nabucco» kəməri də müzakirə mövzusu olacaq:

«Mən düşünürəm ki, əsas müzakirə obyektlərindən biri də məhz «Nabucco» kəməri olacaq. Çünki həmin kəməri doldurmaq üçün ildə təxminən 30 milyard kub metr qaz lazımdır. Bu çərçivədə təkcə Azərbaycanın mavi yanacağı yox, həm də Türkmənistan və Özbəkistanın mavi yanacağından istifadə olunması çox ciddi əhəmiyyət kəsb edir. Məncə danışıqların əsas istiqamətlərindən biri də bu olacaq. Çünki Özbəkistan qaz yataqları ilə zəngindir».

Özbəkistan prezidenti İslam Kərimovun Bakıya rəsmi səfəri iki gün davam edəcək.
XS
SM
MD
LG