11 sentyabrdan sonra Amerikada müsəlmanlara qarşı xof əvvəlki kimi olmasa da, hələ də qalır. «Azadlıq» radiosunun Amerikadakı əməkdaşı Qorxmaz Əsgərov belə deyir. O, «Xəbər-ətər» proqramına bildirib ki, hətta seçki kampaniyasında demokratların namizədi Barak Obamaya qarşı kampaniyada onun müsəlman familiyasını yada salırlar.
Q.Əsgərov deyir ki, bu il Amerikada 11 sentyabr əvvəlki kimi qeyd olunmur.
Respublikaçı Sara Pellinin kəskin çıxışından sonra demokrat Barak Obama üstünlüyü əldən verir. Odur ki, hələ Amerika mediasının başı seçkiyə daha çox qarışıb. Amma təbii ki, bu gün hər iki kampaniya qurbanları yad edəcəklər.
Nyu-Yorkda 11 sentyabr hadisələrinin ildönümü ərəfəsində bu hadisələrə həsr olunmuş memorial kompleksin layihəsinin təqdimat mərasimi keçirilib. Kompleks iki şəlalə və 400 ağacdan ibarət bağla əhatə olunacaq.
2001-ci il sentyabr ayının 11-də Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin əkiz qüllələrindən birinə - Şimal qülləsinə «American Airlines» şirkətinə məxsus sərnişin təyyarəsi çırpıldı. Sonra isə Cənub qülləsi buna bənzər hücuma məruz qaldı. Sonuncu hücumdan 40 dəqiqə sonra Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyinin binası - Pentaqon da intihar təyyarəsi tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi. Bu hadisələr nəticəsində 3 minə yaxın insan həlak olub. Bu terror hadisələrinə görə məsuliyyəti «Əl-Qaidə» təşkilatı öz üzərinə götürüb.