Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

«Misir Mərdanov rektorlara xəbərdarlıq etdi»


Təhsil naziri Misir Mərdanov
Təhsil naziri Misir Mərdanov
«Mərkəz» qəzetindəki «Misir Mərdanov rektorlara xəbərdarlıq etdi» başlıqlı məqalədə deyilir ki, Təhsil naziri ali məktəblərin rektorlarına xəbərdarlıq məktubu göndərib. Nazir məktubda xarici ölkə univeristetlərindən Azərbaycan ali məktəblərinə tələbə köçürülməsini qadağan etdiyini bildirib.
Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Bayram Hüseynzadə qəzetə deyib ki, nazir xarici ölkələrdə təhsil alan tələbələrin sənədlərinin araşdırılması nəticəsində bu qərarı verib:
«Araşdırma nəticəsində bəlli oldu ki, köçürülmə zamanı saxtakarlıqlara yol verilib. Belə ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda iştirak etmədən qeyri-qanuni yollarla xarici ölkələrdəki universitetlərdə, yaxud burada fəaliyyət göstərən qanunsuz filiallarda təhsil alanlar Azərbaycan ali məktəblərinə köçürülmə yolu ilə qəbul olunurlar».
B.Hüseynzadənin sözlərinə görə, Azərbaycan ali məktəblərinə köçürmə yolu ilə qəbul edilənlər əsasən Rusiya və Gürcüstan ali məktəblərinin tələbələridir. Ancaq bunların arasında MDB-nin digər ölkələrinin ali məktəblərinin tələbələri də var.Tələbələrin hansı Azərbaycan univeristetlərinə köçürülməsinə gəlincə, nazirlik sözçüsü bütün univeristetlərdə köçürmə hallarına yol verildiyini deyib.
«Ekspress» qəzetindəki «Biz başqalarının çaldığı havaya oynamırıq» başlıqlı məqalədə Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun müsahibəsi dərc olunub.
Məmmədov deyir ki, Azərbaycan və Türkiyə münasibətlərini bir səfərlə bağlamaq istəmir: «Bu ölkələr arasında münasibətlər onilliklərlə formalaşıb». Prezident Aparatının rəsmisi deyir ki, ümumiyyətlə hansısa dövlətin başçısının bir ölkəyə səfəri adətən diplomatik münasibətlərdə müəyyən mərhələnin sonu, yeni əlaqələrin başlanğıcı kimi qiymətləndirilir: «Bu, bir qədər qeyri-adi addım olduğundan ortaya müəyyən suallar çıxır. Məni bir qədər narahat edən də budur».
«Yeni Azərbaycan» qəzeti yazır ki, «Azərbaycan və Türkmənistan dünyanın enerji tədarükçüsünə çevriləcək». Bu gün Bakıda başlayan neft-qaz konfransına toxunan qəzet bildirir ki, bu iki ölkənin əlverişli geosiyasi mövqeyi onların dünyanın yanacaqla təminatında həlledici rol oynamasına səbəb olmaqdadır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG