Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Rusiya Bakıya şirnikləndirici təkliflər verə bilər


Bəzi ekspertlər isə hesab edirlər ki, Elmar Məmmədyarov Moskva səfərini qəbul etməməliydi
Bəzi ekspertlər isə hesab edirlər ki, Elmar Məmmədyarov Moskva səfərini qəbul etməməliydi
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Moskvaya səfəri başa çatıb. Nazirliyin mətbuat katibi Xəzər İbrahimin verdiyi məlumata görə, Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Nazirlər regional məsələləri və Türkiyənin təklif etdiyi «Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq Platforması»nı müzakirə edib.
X.İbrahimin sözlərinə görə, hər iki nazir Cənubi Qafqazda vəziyyətin sabitləşməsinin bütün region dövlətlərinin marağında olduğunu vurğulayıb. Nazirliyin rəsmi açıqlamasında o da göstərilir ki, Məmmədyarov-Lavrov görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. Rusiyalı nazir iki ölkə arasında olan əvvəlki razılaşmalara, o cümlədən iki prezident arasında imzalanmış sənədə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyini bəyan edib.
Amma yerli ekspertlər Elmar Məmmədyarovun Moskva səfərinin ABŞ-ın vitse-prezienti Dik Çeyninin Azərbaycana gəlişindən sonraya təsadüf etməsini birmənalı qarşılamırlar. Məsələn, politoloq Hikmət Hacızadənin fikrincə, nazirlərin görüşündə Azərbaycanın Gürcüstanla bağlı mövqeyi müzakirə obyekti olub.
Hacızadə hesab edir ki, görüşdə həmçinin Azərbaycan qazının Rusiyaya satılması məsələsi də müzakirə edilib.
Digər ekspert Leyla Əliyeva isə deyir ki, Qafqaz ölkələri ətrafında rəqabət yeni mərhələyə keçib. Onun fikrincə, Rusiya Azərbaycanın Qərbyönümlü mövqeyinə təsir göstərmək üçün Dağlıq Qarabağla bağlı şirnikləndirici təkliflər irəli sürə bilər:
«Amma mən inanmıram ki, hansısa yeni siyasi addım atılsın».
Bəzi ekspertlər isə hesab edirlər ki, Elmar Məmmədyarov Moskva səfərini qəbul etməməliydi. Onların fikrincə, Azərbaycan Rusiyanın əyaləti deyil ki, rəsmi Moskva onun nazirini istədiyi vaxt istədiyi yerə çağırsın.
Bəs Azərbaycandan «ya Rusiya, ya Qərb» deyə qəti mövqe göstərilməsi istənilirmi? Politoloq Hikmət Hacızadə:
«Ola bilər ki, hər iki tərəf bunu tələb edir. Amma nə Qərbin, nə də Rusiyanın Azərbaycanı öz tərəfinə çəkməyə axıra qədər gücü çatmır».
H.Hacızadənin fikrincə, Azərbaycan hələlik balans siyasətini apara biləcək. Bəzi ekspertlər buna həm də ölkənin coğrafi mövqeyinin əl verdiyini deyirlər.
XS
SM
MD
LG