Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

«Əbu Bəkr»in yerləşdiyi məhəllənin sakinləri danışdı


«Allahın evidir, mən də məscidin bağlanmasına pis baxıram»
«Allahın evidir, mən də məscidin bağlanmasına pis baxıram»
«Əbu Bəkr» kimi tanınan məsciddə partlayış törətməkdə ittiham edilən radikal dini qruplaşmanın lideri İlqar Mollaçıyevin öldürüldüyü bildirilir. Bu barədə Dağıstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Xəbər verilir ki, Dağıstan ərazisində keçirilən əməliyyat zamanı Mollaçıyevin daha iki silahdaşı da öldürülüb.
Buna qədər isə Azərbaycanın hüquq-mühafizə orqanları ölkənin şimalında oxşar əməliyyatlar keçirirdilər. Bu əməliyyatlar zamanı da bir Azərbaycan əsgəri və radikal dini qruplaşmaya mənsubluğu bildirilən üç silahlı şəxs həlak olmuşdu. Mollaçıyevin öldürüldüyü haqda xəbərləri Qusar rayon Prokurorluğundan da təsdiq edirlər.
Ötən həftə Milli Təhlükəsizlik Nazirliyinin yaydığı məlumatda «Əbu Bəkr» kimi tanınan məscidin partladılmasında məhz əslən Zaqatala rayonundan olan, özünü «Dağıstan camaatının əmiri» elan edən İlqar Mollaçıyevin dəstəsi şübhəli sayılırdı.
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl deyir ki, bu hadisələrin həm açıq, həm də pərdəarxası izahatı var. Onun sözlərinə görə, həm Azərbaycanın şimalında, həm də qonşu Rusiyanın cənub əyalətlərində dini radikalizm gücləndiyindən hər iki ölkənin hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatları buna cavab kimi başa düşmək olar. Ancaq İ.İsmayıl bölgədə dini radikalizmin Rusiya-Gürcüstan münaqişəsindən dərhal sonra baş qaldırmasını təsadüf saymır. Onun fikrincə, Bakıda və Azərbaycanın şimalında gərginlik yaradan qüvvələr bilərəkdən və ya bilməyərəkdən Rusiyanın maraqlarına xidmət edə bilər:
«Hadisənin görünməyən tərəfi ilə bağlı fikirlərimi bildirmək istəyirəm. İlqar Mollaçıyevə sifariş vermək və ya onun dini hisslərindən istifadə edib gərginlik yaratmaq olardı. Sonra da o aradan götürüldü…»
«Əbu Bəkr» məscidi ətrafında isə yeni gərginliklər yaranmaqdadır. Qəzetlərin yaydığı məlumatlara görə, məscidin yerləşdiyi Ülvi Bünyadzadə küçəsinin 1000-dən çox sakini imza toplayaraq bu məscidin birdəfəlik bağlanması tələbi ilə ölkə rəhbərliyinə müraciət ediblər. Ancaq biz həmin məhəllədə olarkən sakinlərin bir çoxu imza kampaniyasına qoşulmadıqlarını bildirdilər:
- Ad və soyadları yazır, sonra da özləri sakinlərin yerinə imza atırlar. Biz məscidin bağlanmasının əleyhinəyik.

- Allahın evidir, mən də məscidin bağlanmasına pis baxıram.
- Mən də bu kampaniyaya qoşulmamışam. Bir müsəlman kimi məscidin yenə fəaliyyət göstərməsini istəyirəm.
Ancaq bu məhəllədə məscidin fəaliyyətindən narazılıq edən insanlara da rast gəlmək mümkün idi. Onlar isə narazılıqlarını belə ifadə edirlər:
- Mənim iki nəvəm var. Aparıb Sabunçuya qoymuşam. Azan səsindən qorxurlar. Çox bərkdən oxuyurlar.

Məscidin imamı Qamət Süleyman isə imza kampaniyasını onları istəməyən bəzi qüvvələrin sifariş etdiyini düşünür. Onun sözlərinə görə, şadlıq evlərinin səs-küyündən narahat olmayan insanların azan səsindən narazı qalmaları başa düşülən deyil:
- Ölkədə həm gərginlik yaratmaq, həm də prezidentə qarşı narazılıq törətmək istəyirlər. Bizimlə indiyə qədər məhəllə sakinləri arasında heç bir narazılıq olmayıb. Əksinə həmişə onların hörmətlərini saxlamışıq.
Qamət Süleyman imza kampaniyasının arxasında hakimiyyət orqanlarının dayanması haqda fikirlərə inanmır. O, ümid edir ki, istintaq başa çatan kimi məscidin fəaliyyəti bərpa ediləcək.
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl da hesab edir ki, indiki vaxtda məscidin qapadılması ölkədə radikal meylləri daha da gücləndirər. Onun fikrincə, indi sovetlər dönəmi olmadığından məscidlərin zorla qapadılması çox acı nəticələr verə bilər.
XS
SM
MD
LG