Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:58

«Sahilyanı ölkələrin mövqelərində yaxınlaşma var»


«Sahilyanı ölkələrin Xəzər dənizinin hüquqi statusu ilə bağlı mövqelərində yaxınlaşma var».
Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov belə deyir. Onun sözlərinə görə, Xəzərin dibinin sektorlara bölünməsilə bağlı ümumi razılıq əldə olunub.
Su səthinin birgə istifadəsilə əlaqədar bir çox məsələlər də razılaşdırılıb. Amma Xələf Xələfov deyir ki, bəzi məsələlər ətrafında hələ də müzakirələr aparılır.
Nazir müavini bildirir ki, sahilyanı ölkə nümayəndələrinin gələn iclasında Azərbaycan tərəfinin hazırladığı Xəzərdə Təhlükəsizlik sahəsində Əməkdaşlıq Konvensiyası layihəsinə münasibət bildiriləcək. Layihədə sərhəd xidmətləri, gömrük və daxili işlər orqanlarının əməkdaşlığı barədə məsələlər öz əksini tapıb. Sahilyanı ölkə təmsilçiləri növbəti dəfə Astanada toplaşacaq.
Xələf Xələfovun sözlərinə görə, sentyabrın 9-10-da Azərbaycan və Türkmənistan prezidentlərinin təşəbbüsü ilə Bakıda Xəzərin enerji resurslarıyla bağlı konfrans keçiriləcək. Bütün sahilyanı ölkələrin hökumət nümayəndələrinin bu konfransa qatılacağı gözlənilir.
Sentyabrın 4-də Bakıda Xəzərin statusu ilə bağlı sahilyanı ölkələrin İşçi Qrupunun toplantısı keçirilib.
Xəzərin statusu məsələsi bu vaxta kimi açıq qalır. Azərbaycan Qazaxıstan və Rusiya ilə ikitərəfli saziş imzalayaraq problemlə bağlı razılığa gəlib. Türkmənistan və İranla isə razılaşma imzalanmayıb.
XS
SM
MD
LG