Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:36

«Həkimlərin məsuliyyətsizliyi oğlumu öldürdü»


Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda uşaqlar daha çox tənəffüs orqanlarındakı xəstəliklərdən, boğulmalardan, infeksiyalardan və anadangəlmə anomaliyalardan ölür
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda uşaqlar daha çox tənəffüs orqanlarındakı xəstəliklərdən, boğulmalardan, infeksiyalardan və anadangəlmə anomaliyalardan ölür
«Tibb bacısı deyirdi ki, niyə qışqırırsan, nə həyasızlıq salıbsan, məni vururdu. Uşaq doğulanda dedilər 8 aylıqdır, sonra onu aparata qoydular, dedilər balacadır - 2 kilo 200 qram. Sabahısı gün yoldaşım pulu çatdıran kimi uşağı aparatdan çıxartdılar. 2-3 saat keçdi uşaq öldü....»
Röyanın körpəsi bir neçə il bundan qabaq doğulandan bir gün sonra ölüb. Amma indiyə kimi baş verən hadisəyə görə, o, həkimləri günahlandırır. Deyir ki, pulu olsaydı, bu faciə başına gəlməzdi.
Beynəlxalq hesablamalara görə, Bakıda hər min diri doğulan körpədən 66-sı dünyaya gəldiyi birinci həftə ərzində ölür. Bu, ölkə üzrə orta göstəricidən təqribən 2 dəfə artıqdır.
ABŞ Beynəlxalq İnkişaf Agentliyi, UNİCEF və Dövlət Statistika Komitəsi bu günlərdə 2006-cı ildə keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Hesabatda qeyd olunur ki, Azərbaycanda uşaq ölümünün səviyyəsi əslində rəsmi rəqəmlərdə göstəriləndən dörd dəfə çoxdur: Hər min uşaqdan orta hesabla 43-ü ölür. Rəsmilərə görə isə ötən il bu göstərici 10.2-i olub.
Bakı – perinatal ölümlərin, yəni hamiləliyin yeddinci ayından körpənin dünyaya gəldiyi birinci həftə ərzinədək baş verən ölümlərin sayına görə, Azərbaycanda liderdir. Regionlarda isə uşaq ölümü statistikası körpə həyatının sonrakı dövründə daha çoxdur. Buna neonatal ölümlər deyilir.
Dövlət Statistika Komitəsinin məlumatında isə qeyd olunur ki, əgər 2 il öncə bütün respublikada 1 yaşa qədər müxtəlif səbəblərdən 981 uşaq ölmüşdüsə, tək Bakıda 500-dən çox uşaq ölüb.
Respublikanın baş pediatrı Nəsib Quliyev Bakıda körpələrin perinatal dövrdə daha çox ölməsini belə izah edir:
«Bu onunla əlaqədardır ki, kimin hamiləliklə bağlı problemi varsa, imkan daxilində rayonlardan Bakıya gətirilir. Ona görə də patoloji hamiləliklər Bakıda çox olduğundan bu göstərici daha yüksək görünür, nəinki digər regionlarda».
Ancaq «Himayədar» Humanitar Təşkilatının rəhbəri Himayət Rizvanqızı deyilənlərlə razı deyil. O, hesab edir ki, Bakıda körpə ölümlərinin sayının artıq olması qeydiyyatla əlaqədardır. Belə ki, ötən illər ərzində regionlarda apardıqları monitorinq zamanı onlar tək üç rayonda (Quba, Tovuz və Lənkəranda) 26 ölüm faktının gizlədildiyini aşkarlayıblar:
«Bakıda qeydə alınma məsələsi rayonlara nisbətən daha yaxşı qurulub. Bir çox ölüm halları rəsmi statistikaya düşmür. Biz özümüz də bu yöndə tədqiqat aparmışdıq, insan tarixçələri toplamışdıq. 26 uşaq ölümü faktından 16-da uşağın nə doğum, nə də ölüm şəhadətnaməsi olmayıb, 16-dan yalnız birində isə doğum şəhadətnaməsi olub, ölüm şəhadətnaməsi isə olmayıb».
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda uşaqlar daha çox tənəffüs orqanlarındakı xəstəliklərdən, boğulmalardan, infeksiyalardan və anadangəlmə anomaliyalardan ölür. Bakıda isə körpələr birinci növbədə hamiləliyin son iki ayı ərzində və doğuşdan sonrakı yeddi gün ərzində ölür.
BMT-nin Uşaq Təşkilatı olan UNİCEF-in də qatıldığı «Demoqrafiya və sağlamlıq» sorğusuna görə, uşaq ölümünə təhsil və sosial amillər də təsir göstərir. Sorğuya görə, beş il ərzində orta həddən yuxarı yaşayan və natamam ali təhsilli qadınlarda ölü doğuşların sayı daha çox olub. Bundan başqa, Azərbaycanda qızlarla müqayisədə oğlan uşaqları daha çox ölür. (Hər min oğlanın 48-i, hər min qızın 38-i ölür.)
Amma həm rəsmi, həm də qeyri-rəsmi mənbələr ilbəil ölüm faktının azaldığını deyir. Hökumət qarşısına məqsəd qoyub ki, gələcək yeddi il ərzində uşaq ölümünü üç dəfə azaltsın.
Övladını itirən Röya isə deyir ki, bəlkə də həkimə pulu vaxtında çatdırsaydı, uşağı sağ qalardı:
«Həkimlərin məsuliyyətsizliyi oğlumu öldürdü. Mənim pulum olsaydı, uşağım ölməzdi...»
XS
SM
MD
LG