Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:39

Rusların ABŞ-a cavabı nə olacaq?


Kober deyir ki, rus xalqı Putin-Medvedyev hakimiyyətini dəstəkləyir və Amerika gərək ehtiyatlı olsun
Kober deyir ki, rus xalqı Putin-Medvedyev hakimiyyətini dəstəkləyir və Amerika gərək ehtiyatlı olsun
Çeyni o qədər nadir hallarda ictimai çıxışlar edir ki, Amerikada onu tez-tez Corc Buşun pərdəarxası plan quranı kimi xarakterizə edirlər. Amma elə ki, vitse-prezident danışdı, o, sözünü sətiraltı yox, birbaşa deyir. Elə Rusiyaya da münasibətdə bu, belə olub.
Məsələn, Corc Buş prezidentliyi dövründə əsasən, Rusiyanın vaxtilə prezidenti olmuş indiki baş naziri Vladimr Putinlə şəxsi münasibətlərini yüksək qiymətləndirirdisə, tərifləyirdisə, Çeyni Rusiyanın daxili, xarici və iqtisadi siyasətini qiymətləndirəndə məsələləri bir-birinə qatmırdı.

Məsələn, iki il qabaq Vilnüsdə - Sovet təsir dairəsinə həddindən artıq yaxın olmuş Baltik və Qara dəniz ölkələrinin görüşü ərəfəsində Çeyni Rusiya haqda bunları deyib:

«Neft və qazın şantaj aləti və manipulyasiyaya kimi istifadə olunmasının, bu amilin daşımaların inhisara alınmasında istifadə cəhdinin heç bir hüquqi əsası yoxdur. Heç kim qonşunun ərazi bütövlüyünə müdaxilə edə, demokratik hərəkata təsir edə bilməz».

İndi vitse-prezident Ukraynada, Gürcüstanda və Azərbaycanda səfərdədir. Çeyninin səfəri Gürcüstanda münaqişənin uzandığı vaxta təsadüf edir, odur ki, bunu daha çox Amerikanın Gürcüstanın müdafiəsinə təsiri kimi qiymətləndirirlər.
Rusiya və keçmiş Sovet İttifaqı üzrə təcrübəli təhlilçilərdən biri Stenly Koberin fikrincə, Çeyni bu iki Qafqaz ölkəsindən Moskvaya güclü mesaj göndərəcək. Amma Kober ümid edir ki, Çeyni sözlərini ehtiyatla seçəcək. Təhlilçi deyir ki, Amerika «soyuq müharibə»dən qalib çıxa bilər, amma indi o, 10 il əvvəlki kimi superdövlət deyil. Amerika özü İraqda və Əfqanıstanda qüvvə itirib.

Kober «Azadlıq» Radiosuna deyib ki, Amerikanın daha 10 il əvvəlki iqtisadi gücü də yoxdur. Amma bu müddət ərzində Rusiya zəngin enerji resurslarının sayəsində iqtisadiyyatını inkişaf etdirib.

Kober Çeyniyə təklif edir ki, Rusiyaya mesaj göndərsin, amma kəskin yox. Eyni zamanda nəzərə alsın ki, Rusiyanın buna reaksiyası necə ola bilər:

«Məncə, onlar, yəni, Buş hökuməti kəskin mesaj göndərmək istəyir, amma mənim narahatlığım artır. Mən bu situasiyanı şahmat oyununa bənzədirəm. Sən gediş edirsən, qarşındakı da bir gediş edir. Və indi Rusiya ilə Amerika arasında bir problem də budur. Məsələyə bu yöndən diqqət yetirilməsini müşahidə etmirəm. Yaxşı əgər Amerika bunu etsə, kəskin mesaj göndərsə, Rusiyanın reaksiyası necə olacaq».

Kober deyir ki, rus xalqı Putin-Medvedyev hakimiyyətini dəstəkləyir və Amerika gərək ehtiyatlı olsun ki, belə bir dövləti qıcıqlandırmasın. Hətta Amerikadakı mühacir rus tələbləri də ölkələrinin iqtisadi qüdrəti ilə fəxr edirlər.
Rusiya üzrə amerikali təhlilçi Stanli Kober deyir ki, Çeyni yəqin ki, bu üç postsovet ölkəsinə dəstək mesajı göndərəcək, amma gərək Amerikanın dəstəyi ilə bağlı ehtiyatlı sözlər seçsin:

«Rusiyanın Cənubi Osetiyaya münasibəti barədə şikayətlənmək bir məsələdir, Gürcüstan, Ukrayna və Azərbaycana təmtəraqlı təkliflər vermək ayrı məsələ».

«Bu, dəstək mesajı ola bilər. Amma biz - Amerika gözəçarpan tərzdə nə edə bilər? Bəs əgər Amerika ilə Rusiyanın münasibəti pisləşərsə, ruslar bizə hansı cavabı verəcəklər? Qafqaz xalqlarının və Ukraynanın buna inanmalarında məntiq var ki, əgər sənin arxanda Amerika dayanıbsa, onda sən müdafiə olunursan, çünki Amerika superdövlətdir və məncə, bunu yoxlamaq lazımdır».

Kober bu tipli dəstəyi yoxlamaq üçün Vyetnamda ötən əsrin 60-70-ci illərində baş verənləri xatırladır. Deyir ki, Amerika o vaxt Cənubi Vyetnama edə biləcəyindən daha çox kömək vəd etdi. Nəticədə Şimal qalib gəldi və bu prosesdə Birləşmiş Ştatlar 58 min adam itirdi.

Koberin fikrincə, beynəlxalq arenada təzyiq göstərməkdən söhbət gedəndə Birləşmiş Ştatların o qədər də çox seçimi yoxdur.

Birincisi, Amerika dəfedilməz hərbi qüdrətə malik deyil, indi onun qoşunu iki mürəkkəb müharibədə döyüşür.
Üstəlik, burada Kosova məsələsi var. Kober deyir ki, Rusiya Qərbi də, BMT-ni də xəbərdar etmişdi ki, Kosovanın müstəqilliyini tanımasın. Bir neçə ay keçəndən sonra Moskva bu situasiyanın məntiqi əsasını formalaşdırır:

«Məncə, Amerika və BMT hakimiyyətinin maraqlarını yerlə-yeksan edən çoxlu məsələ var. Ruslar üçün, məncə, Kosova xüsusilə əhəmiyyətlidir. Ruslar deyirlər, sən bunu etməyi bacarırsansa, onda biz də bunu edə bilərik. Kosova presendenti də belə inkişaf edir. Məncə, onlardan ötrü, ruslardan ötrü, yəqin ki, Kosova İraqdan daha çox əhəmiyyət kəsb edir, çünki bu, birbaşa Rusiyanın BMT-dəki roluna və beynəlxalq hüququn bütün strukturuna təsir edir».

Kober deyir ki, Çeyninin ümid etdiyi ən yaxşı şey bu ola bilər ki, vitse-prezident - Amerikanın Gürcüstan münaqişəsində Rusiyanın rolu ilə bağlı müxalif rolunu ortaya qoysun, demokratik islahatlar aparmaq istiqamətində cəhdlərinə görə Gürcüstanı dəstəklədiyini bildirsin. Və indiki Amerika hakimiyyətinin, bundan sonrakı hakimiyyətin yerinə yetirəcəyinə tam əmin ola bilmədiyi vədləri verməsin.
XS
SM
MD
LG