Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:47

«Maaşların artırılması siyasi səbəblərlə bağlıdır»


Prezidentliyə namizəd Q. Əlibəyli İlham Əliyevin qanunu pozduğunu deyir
Prezidentliyə namizəd Q. Əlibəyli İlham Əliyevin qanunu pozduğunu deyir
Son bir neçə gündə dövlət başçısı İlham Əliyev əməkhaqlarının, pensiyaların, müavinətlərin artırılması ilə bağlı sərəncamlar imzalayıb. Mediada çıxış edən siyasi ekspertlərin fikrincə, bu, oktyabrın 15-də keçiriləcək prezident seçkisinə YAP-ın namizədi kimi qatılacaq İ.Əliyevin seçkiyə hesablanmış gedişidir.
Bəs seçkiyə qatılan başqa namizədlər necə düşünür? Prezidentliyə iddialı Əliyar Səfərli deyir ki, Azərbaycanda vətəndaşların, xüsusən də ziyalıların sosial müdafiəsi zəif olduğundan bu qərara sevinir:
«Xalqın rifahı üçün adi bir təşəbbüs belə göstərilsə, mən bunu ancaq alqışlayıram».
Ə.Səfərlinin sözlərinə görə, İlham Əliyev ilin əvvəlindən maaşların artırılacağını demişdi. Ona görə də bu, gözlənilən idi.
Prezidentliyə başqa bir namizəd, AXCP-nin sabiq üzvü Qulamhüseyn Əlibəyli isə bunun əksini düşünür. Onun sözlərinə görə, bu addımı ilə öz səlahiyyətlərindən sui-istifadəyə yol verən dövlət başçısı qanun qarşısında məsuliyyət daşıyır:
«Dövlət büdcəsi imkan verir ki, maaşlar bir neçə dəfə artırılsın. Ancaq dövlət başçısı daim seçkiyə az zaman qalmış belə addım atır ki, seçicilərin rəğbətini qazansın. Ancaq bu, dövlət büdcəsinin vəsaitləri hesabına siyasi təbliğat aparmaqdır. Seçiciləri vəd verməklə özünə tərəf çəkməkdir».
İqtisadçı Qubad İbadoğlunun hesablamalarına görə, maaşların artırılması ilə bağlı sərəncamlar ölkə üzrə seçicilərin təxminən 40 faizinə aiddir. Seçkiyə qısa zaman qalmış belə bir addım atılmasını ekspert iqtisadi deyil, siyasi səbəblərlə bağlayır:
«Büdcədən maaş alan 35 min dövlət məmuru, 380 min təhsil işçisi, 130 min səhiyyə işçisi, mədəniyyət və başqa sektorlarda çalışanlar var. Bunun üstünə müavinət alan 275 min nəfəri, 600 minə yaxın məcburi köçkünü də gəlsək, təxminən 1,7 milyon nəfər edir. Bu isə seçicilərin təxminən 40 faizidir».
Bakı sakinlərinin də məsələyə münasibəti birmənalı deyil:
- Bu, siyasi və seçkiyə hesablanmış qərardır. Ancaq adamları bu onsuz da maraqlandırmır. Çünki insanlar seçkidən heç nə gözləmədiklərinə görə, bu artımlara az da olsa sevinirlər.
- Maaşlar elə də gözəçarpan dərəcədə artmadığına görə, bunu siyasi qərar adlandırmaq, məncə, doğru olmaz.
- Seçkiqabağı olmayan nüfuzunu artırmaq istəyir.
- Yəqin bu addımı ona görə atıb ki, qarşıdan seçkilər gəlir. Biz həmişə görmüşük ki, az da olsa əməkhaqları artan kimi ardınca böyük bahalıq başlayır. Beləliklə dəə hökumət insanlara verdiyi pulu bir neçə qat onun cibindən çıxarır.
Bahalaşma isə özünü çox gözlətməyib. Artıq ölkə üzrə gündəlik tələbat mallarından olan qənd, şəkər tozu və bitki yağlarının qiymətləri artıb. İqtisadi İnkişaf Nazirliyi adı çəkilən məhsulların qıtlıq yaranmadığı halda bahalaşmasının hansı səbəblərdən baş verdiyini araşdırır.
XS
SM
MD
LG