Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:41

«Bölgədə ciddi dəyişikliklər mərhələsinə qədəm qoyuruq»


Cənubi Osetiyada müstəqilliyi havaya atəş açmaqla bayram edirlər, Tsxinvali, 26 avqust 2008
Cənubi Osetiyada müstəqilliyi havaya atəş açmaqla bayram edirlər, Tsxinvali, 26 avqust 2008
«Rusiya Gürcüstana hərbi müdaxiləsinin ardınca ölkənin ərazi bütövlüyünə ciddi zərbə vuran siyasi qərar qəbul edib». Politoloq Ərəstun Oruclu Rusiya prezidenti Dmitri Medvedevin avqustun 26-da Cənub Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması haqda sərəncamını belə qiymətləndirir. Onun sözlərinə görə, bu, gözlənilən idi:

«Rusiya çox gözəl anlayır ki, özündən başqa bu qurumları bəlkə bir-iki dövlət tanıya bilər. Bundan artıq heç nə baş verməyəcək və onlar beynəlxalq hüququn subyekti olmayacaqlar. Rusiyanın məqsədi Cənubi Qafqazda mövqelərini qoruyub saxlamaqdır».

Müsavat Partiyasının başqanı İsa Qəmbərin fikrincə isə Rusiya bu məsələ ətrafında çoxdan başladığı oyunu davam etdirir:

«Bu, bir oyundur. Osetinlərə, abxazlara göstərmək istəyirlər ki, guya onları müdafiə edirlər. Eyni zamanda, bu, Qərbə bazarlıq, alver etmək üçün vasitədir. Moskva bildirmək istəyir ki, Qərb Rusiyaya sərt mövqe sərgiləməkdə davam edərsə, bu bölgələri tanıya bilər. İstənilən halda bu, beynəlxalq hüquqazidd mövqedir, perspektivi olmayan, təhlükəli oyundur. Çünki Rusiyanın öz ərazisində bu tipli problemləri yetərincə çoxdur».

«Rəsmi Bakı Gürcüstanın ərazi bütövlüyünü tanıyır». Bu sözləri isə Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim deyir. Onun fikrincə, Rusiyanın separatçı rejimlərin tanınması ilə bağlı qərarı Qarabağ məsələsinin nizamlanması üçün presedentə çevrilə bilməz:

«Qarabağın statusu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Bu presedentlər üzərində yox, beynəlxalq hüquq normaları əsasında baş verəcək».

Müsavat başqanı İsa Qəmbər isə separatçı rejimlərin tanınmasının Qarabağ problemilə bağlı xoşagəlməz ovqat yarada biləcəyini düşünür. Onun sözlərinə görə, rəsmi Bakı ən qısa zamanda önləyici tədbirlər görməlidir:

«Dünyanın ən güclü təhlükəsizlik sistemi olan NATO-ya qəbulla bağlı qərar qəbul etməlidir. Bu yöndə kağız üzərində yox, reallıqda addımlar atılmalıdır».

Politoloq Ərəstun Oruclu da Qarabağla bağlı Azərbaycanı daha çətin siyasi situasiya gözlədiyini deyir. O, Rusiya prezidentinin sərəncamla bağlı çıxışında Azərbaycana ünvanlanan hədələrin də olduğunu deyir:

«Hər halda Medvedevin xəbərdarlığında Azərbaycanın ünvanına bir hədə vardı. Baxmayaraq ki, o, ünvansız danışdı. Eyni zamanda Moldovaya da işarə vuraraq bildirdi ki, Gürcüstanın başına gələnlərdən başqaları dərs götürməlidir».

Ərəstun Oruclu Rusiyanın Qarabağ məsələsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri kimi fəaliyyət göstərməsinin sual altında olduğunu deyir:

«Geosiyasi maraqların ifrat dərəcədə qarşı-qarşıya durduğu bir məqamda güman etmirəm ki, Minsk Qrupu ən azı bu həmsədrlər çərçivəsində işini davam etdirsin».

İsa Qəmbər də düşünür ki, separatçı rejimləri tanımaqla Rusiya Qafqazda özünün guya bitərəf, vasitəçi mövqeyini itirib:

«Bölgədə çox ciddi dəyişikliklər mərhələsinə qədəm qoyuruq. Qarabağın taleyini Minsk Qrupu həll etməyəcək. Yaxınlarda çox böyük mübarizə gedəcək. Azərbaycan bu mübarizədə haqqın, ədalətin, beynəlxalq hüququn tərəfində durmağı bacarmalıdır. Ancaq bu yolla biz öz təhlükəsizliyimizi təmin edə, ərazi bütövlüyümüzü qoruya bilərik».

AŞ PA-da Azərbaycan parlament nümayəndə heyətinin üzvü Səməd Seyidov isə Rusiyanın bundan sonra Minsk Qrupunda vasitəçilik edə bilməsi məsələsinə bir qədər geniş prizmadan yanaşılmasını vacib sayır:

«Hansısa qrupun işini təklikdə müzakirə etdikdə böyük problemlər yarana bilər. Biz dünyada gedən prosesləri balaca bir ölkə olaraq çox ciddi təhlil edib bundan nəticə çıxarmalıyıq».

Səməd Seyidovun fikrincə, Rusiyanın separatçı rejimləri tanıması beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğuracaq. Azərbaycan isə indiyə qədər beynəlxalq hüquq normalarına uyğun olan davranışlarını davam etdirəcək. Çünki bu, Azərbaycan üçün ən doğru siyasətdir.
XS
SM
MD
LG