Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:07

Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı


Dmitri Medvedev separatçıların liderləri Eduard Kokoytı və Sergey Baqapşla, 14 avqust 2008
Dmitri Medvedev separatçıların liderləri Eduard Kokoytı və Sergey Baqapşla, 14 avqust 2008
«Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin Rusiya tərəfindən birtərəfli şəkildə tanınması Avropa Şurasına onun kimi üzv olan digər dövlətin ərazi bütövlüyünü pozur. Bu addım qeyd olunan iki regionun gələcək statusu haqqındakı mübahisələrin danışıqlar yolu ilə həll edilməsi perspektivlərinə təhlükə yaradır».

Avropa Şurasının baş katibi Terri Devis belə deyib. Onun sözlərinə görə, Rusiya hər iki yoldan istifadə edə bilməz:

«Əvvəllər Rusiya ərazi bütövlüyü prinsipini ciddi şəkildə dəstəkləyirdi. Bu prinsipə zidd olaraq Abxaziya və Cənubi Osetiyanın tanınması ilə bağlı verilən qərar istənilən obyektiv müşahidəçini təəccübləndirməlidir. Bu qərarın başlıca qurbanı isə Rusiya Federasiyasının beynəlxalq etibarıdır. Ruslar beynəlxalq qanundan ancaq özləri istədikləri vaxt istifadə edə bilməzlər»

***

Böyük Britaniyanın Xarici İşlər naziri Devid Milibend «Rusiyanın Gürcüstana təcavüzünə» qarşı geniş beynəlxalq koalisiya yaradılmasını təklif edib.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov isə bildirib ki, Abxaziya və Cənubi Osetiyanın tanınmasından sonra Rusiyanın beynəlxalq təcridindən ehtiyat etmir. Onun fikrincə, hadisələrin belə inkişafı heç də «dünyanın axırı» deyil.

***

ABŞ-ın Dövlət katibi Kondoliza Rays isə deyib ki, Rusiyanın «qiyamçı gürcü regionlarının» - Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması haqda qərarı «hüznlü» addımdır.

Bu arada ATƏT-də Rusiyanın qərarını pisləyib. «Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması ATƏT-in fundamental prinsiplərini pozub. ATƏT bütün üzv ölkələri, o cümlədən Rusiya başqa dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət etməlidir», - deyə ATƏT-in hazırkı sədri, Finlandiyanın Xarici İşlər naziri Aleksandr Stubbun bəyanatında bildirilir.

***

Prezident D. Medvedev Abxaziya və Cənubi Osetiya ilə dostluq haqda saziş imzalanana qədər Rusiyanın Müdafiə Nazirliyinə bu respublikaların ərazilərində asayişi təmin etməyi tapşırıb.

Medvedev həmçinin, Rusiyanın Xarici İşlər Nazirliyinə Suxumi və Sxinvali ilə diplomatik münasibətlərin qurulmasını tapşırıb.

***
Gürcüstan Rusiyanın qərarını «aşkar ilhaqçılıq» sayıb. Bunu Dmitri Medvedevin iki respublikanın müstəqilliyini tanımaq haqda çıxışından dərhal sonra Gürcüstanın Xarici İşlər nazirinin müavini Qiqa Bokeriya bəyan edib.

Rusiyanın qərarından bəzi Qərb ölkələri də kəskin narazılıq bildiriblər. Böyük Britaniya bunu «qəti surətdə qəbuledilməz», Fransa isə «təəssüfə layiq hərəkət» adlandırıb. Almaniya kansleri Angela Merkel bir daha Gürcüstanın ərazi bütövlüyü prinsipinə sadiqliyini bildirib.

Avropa Komissiyası isə bəyan edib ki, Moskvanın bu qərarı BMT-nin Gürcüstanın bütün əraziləri üzərində suverinliyini vurğulayan qətnamələri ilə ziddiyyət təşkil edir.

***

Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı. Rusiya prezidenti Dmitri Medvedev bununla bağlı müvafiq sərəncam imzalayıb. Dövlət başçısının bəyanatını ölkə televiziyası yayımlayıb.

«Osetin və abxaz xalqının azad iradəsini nəzərə alaraq…mən Rusiya Federasiyasının Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanıması haqda sərəncam imzalamışam», - deyə Medvedev bildirib.

Rusiya prezidenti deyib ki, «Saakaşvili özünün siyasi vəzifələrinin həlli üçün soyqırımını seçib. Rusiya abxaz və osetin xalqının məhvinin qarşısını alıb…Rusiya dözüm və səbr nümayiş etdirib. Dəfələrlə danışıqlara qayıtmağa çağırıb», - deyən Medvedev əlavə edib ki, bu çağırışlara nə NATO, nə də BMT-də məhəl qoyulmayıb.

Avqustun 25-də Rusiya parlamentinin hər iki palatası Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması ilə bağlı prezidentə müraciət qəbul etmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG